Rəsmi Vaşinqton Dağlıq Qarabağdakı münaqişənin danışıqlar masasında həll olunacağına ümid edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo “WSB Atlanta” televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması danışıqlar və dinc müzakirə yolu ilə həll edilə bilər.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir. Yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.