20 Oktyabr 2020 16:36
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident TASS informasiya agentliyinə müsahibəsində bir sıra çox vacib məqamlara toxunub. Bunların da hər birinin üzərində ayrıca dayanmağa ehtiyac var. Əvvəla onu qeyd edək ki, bu tip müsahibələr təkcə bir auditoriyaya deyil, həmçinin ayrı-ayrı siyasi dairələrə də hesablanır. Prezident də müsahibəsində həmin siyasi dairələrə konkret mesajlarını ünvanladı. Bu mesajlardan biri indiyə qədər aparılan danışıqlarla bağlı idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyev özünün də dediyi kimi, hər zaman Azərbaycan prinsiplərinə sadiq olub:

"Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfində bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, erməni ordusu əslində, fiaskoya uğrayır və Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır. Bu cür yanaşma beynəlxalq arenada ölkəmizin mövqeyini daha da gücləndirir.

Digər xüsusilə maraq doğuran məsələ sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı idi. İlham Əliyev qeyd etdi ki, kimlərin müşahidəçi olmasını ATƏT-in Minsk Qrupunun həmsədrləri təklif edəcək. Amma bununla yanaşı, cənab Prezident tərəfindən o da vurğulandı ki, hətta həmsədrlərin müəyyənləşdirdiyi büynəlxalq müşahidəçilərə belə veto qoymaq hüququnu Azərbaycan özündə saxlayır. Başqa sözlə, hər hansı sülhməramlı kontingent yerləşdiriləcəksə bu ancaq və ancaq Azərbaycanın razılığı ilə baş verə bilər”.

Yusif Bağırzadə qeyd edib ki, Prezident müsahibəsində Azərbaycana qarşı həmişə təzyiq predmeti kimi istifadə olunan Dağlıq Qarabağda yaşayan ermənilərlə Ermənistan arasında kommunikasiyanın həyata keçirilməsi üçün nəzərdə tutulan Laçın dəhlizi məsələsinə toxunaraq çox vacib bir şərti ortaya qoydu:

“Daha bir üzərində dayanmalı olduğumuz məsələ isə baza prinsiplərindən irəli gələn məqamlarla bağlıdır. Bu da baza prinsiplərində əks olunan kommunikasiyaların açılması ilə bağlı idi. Baza prinsiplərinə görə isə kommunikasiyaların açılması özündə təkcə Laçın dəhlizini deyil, eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında olan dəhlizi də ehtiva edir. Prezident də bu məqama toxunaraq faktiki olaraq həmsədrlərə mesajını çatdırmış oldu.

Cənab Prezident həmçinin Ermənistanın ciddi şəkildə silahlandırılması məsələsi üzərində də dayandı və bununla bağlı vacib mesajlar verdi".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər