22 Oktyabr 09:58
364

Tərtər Dağlıq Qarabağa əks-hücumun məntiqi başlanğıc nöqtəsi kimi görünən strateji ərazidir. Bütün şəhərboyu fasiləsiz artilleriya atəşləri davam edir. On dörd mülki şəxs həlak olub, 52-si yaralanıb, şəhərə 13 min 127 mərmi atılıb, 116 ev dağılıb.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Le Temps” portalında “Azərbaycan Dağlıq Qarabağda məngənəsini sıxır” adlı məqalədə yazılıb.

Jurnalist yerli sakinlərlə görüşərək onların 1991-1994-cü illərdə də eyni vəziyyəti yaşadıqlarını öyrənib.

“Tərtərdə heç bir hərbi obyekt yoxdur. Erməni silahlı qüvvələri 1991-1994-cü illərdə də şəhəri bomba yağışına tutaraq bizi qorxutmaq və evlərimizi tərk etməyə məcbur etmək istəyirdi. Ancaq qadın və uşaqlardan başqa heç kim şəhərdən çıxmayacaq”, - deyə şəhər bələdiyyəsinin sədri bildirib.

Sakinlər Dağlıq Qarabağ müharibəsi haqqında məlumat verərək bu gün Azərbaycan Ordusunun rəşadətlə torpaqlarımızı azad etdiyini deyiblər.

Məqalədə Azərbaycan Ordusunun üstünlüklərindən söz açılaraq ermənilərin artıq öz mövqelərini itirdiklərini etiraf etdikləri qeyd olunub. Erməni tərəfinin itkilərindən danışılıb.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev televiziya vasitəsilə xalqa müraciət edərək Ordu tərəfindən azad olunan torpaqları elan edir. Zəngilanın azad edilməsinin təsdiqləndiyi bildirilərək onun Dağlıq Qarabağı Ermənistanla birləşdirən yol olduğu diqqətə çatdırılıb.

"Döyüşlərdə ermənilərin qoyub qaçdığı silah-sursat müdafiə üçün kifayətdir, lakin münaqişənin nəticəsini dəyişdirə biləcək əks-hücumlar üçün kifayət deyil", - deyə azərbaycanlı hərbi ekspert bildirib.


Müəllif: Teleqraf.com