7 Noyabr 2020 17:52
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi istisna olmaqla, Azərbaycanın erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş rayonlarından əsasən Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda qeyri-qanuni məskunlaşdırılma aparılıb. Bu rayonların hamısı Ermənistan Respublikası ilə həmsərhəddir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti barədə fikirlərini bölüşən politoloq deyib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi işğal siyasəti ilə yanaşı işğal edilmiş ərazilərə kənardan gətirilən ermənilərin qanunsuz məskunlaşdırılması siyasətini də həyata keçirib:

“Ermənistan uzun müddətdən bəri Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirirdi. Rəsmi İrəvan xüsusilə 2020-ci ilin sentyabr ayında Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini yürütməyə başlayıb. Sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılmışdı.

Bu yaxınlarda Zəngilanda Suriyadan gəlmiş ermənilərin böyük bir qisminin – 19 ailənin və ya 60 Suriya ermənisinin məskunlaşdırıldığı dəqiq faktlar əsasında aşkara çıxarılıb. İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı bəzi materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.

Ermənistan hərbi-siyasi rəhbərliyi qanunsuz məskunlaşdırma siyasəti aparmaqla güman edirdi ki, onlar heç vaxt bu əraziləri boşaltmayacaqlar və kənardan gətirilən ermənilərlə bu əraziləri məskunlaşdırmaqla Dağlıq Qarabağla Ermənistan arasındakı boş sahələri bağlayacaqlar. Diqqəti cəlb edən fakt ondan ibarətdir ki, belə məskunlaşdırma siyasətinin izləri Qubadlı ərazisində də var. Peyk çəkilişləri zamanı məlum olub ki, Kəlbəcərdə – İstisu yaxınlığında təxminən 100 ailə üçün kotteclərdə kiçik bir qəsəbə salınıb və həmin qəsəbəyə Livandan gətirilmiş erməniləri yerləşdiriblər”.

Politoloq bildirib ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edib. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərin olmadığını nümayiş etdirib.

Qabil Hüseynli qeyd edib ki, qanunsuz məskunlaşdırma Ermənistanın dövlət siyasətində aparıcı yerlərdən birini tutan bədnam bir siyasətdir:

“Bu siyasət beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu ildə qəbul olunan Cenevrə Konvensiyalarına zidddir. Belə ki, müharibə dövründə mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti müharibə cinayətidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən, işğalçı dövlət tərəfindən öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə birbaşa və ya dolayı yolla köçürməsi müharibə cinayətini təşkil edir. Buna baxmayaraq rəsmi İrəvan bu siyasəti həyata keçirməkdə israrlı idi və bununla güman edirdi ki, bu əraziləri bir daha Azərbaycana qaytarmayacaq. Bu qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirməklə Ermənistan rəhbərliyi işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik vəziyyəti dəyişdirməyə də çalışırdı.

Eyni zamanda işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə faktiki olaraq həmin insanları özünün məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevirirdi. Amma rəşadətli Azərbaycan Ordusu bu torpaqları azad edəndən sonra həm onların beynəlxalq hüquqa nə qədər zidd hərəkət etdiklərinin üstünü açdı, həm də həmin əraziləri geri qaytarmaqla bu qeyri-qanuni məskunlaşdırmanın qarşısını almış oldu”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər