23 Noyabr 2020 18:14
7 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ əməliyyatına son qoyan atəşkəs razılaşmasının ən mühüm nailiyyətlərindən biri də Naxçıvan və Azərbaycan arasında dəhlizin qurulmasıdır. Qarşıdakı dövrdə Azərbaycanın bu bölgələri arasında yeni magistral və dəmir yollarının inşası planlaşdırılır. Beləliklə, Azərbaycan və Naxçıvan arasında quru yolu ilə əlaqə təmin edildiyi halda, Türkiyə də Naxçıvanla 11 km-lik sərhədi ilə həm Azərbaycan, həm də Türk dünyası ilə qüsursuz bir əlaqə qura biləcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzetində dərc olunan məqalədə bildirilib.

Nəşr qeyd edir ki, Naxçıvana dəmir yolu xəttinin açılması layihəsi uzun müddətdir Türkiyənin gündəmidir:

“Qars-İğdır-Naxçıvan xətti üçün ilkin araşdırmalar 2018-ci ildə başlayıb. Bu xəttin Türkiyə, Naxçıvan, Ağdam və Suşa üzərindən Bakıya uzanması planlaşdırılır. Qarabağdakı anlaşmadan sonra açıqlama verən nəqliyyat naziri Adil Qaraismayıloğlu bildirib ki, Bakı-Tiflis-Qars Dəmir Yolunun əsas xətlərindən biri olan Divriqi-Qars xəttindəki daşımaların həcmini 5 milyon tondan 20 milyon tona qədər artırılacaq: “Azərbaycandakı yeni gəlişmələrdən sonra Naxçıvana dəmir yolu çəkməyi planlaşdırırıq”.

Ermənistanın İran sərhədlərinə yaxın əraziləri üzərindən açılacaq dəhlizlə bir əsr sonra ilk dəfə Türkiyə və Azərbaycan arasında quru yolla birbaşa əlaqə təmin ediləcək. Bu baxımdan, Türkiyə və Orta Asiya arasında yeni bir dövr başlayacaq. Bununla Türk dünyası arasındakı süni coğrafi maneə aradan qaldırılacaq, Türkiyə və Orta Asiya arasında əhəmiyyətli bir ticarət şəbəkəsi qurulacaq”.

Qəzet bildirib ki, dəhlizin açılması ilə bölgədəki bütün qonşu ölkələr üçün yeni ticarət potensialı yaradacaq: “Naxçıvandan keçəcək bu xəttin məsafəsi və istifadəsi bölgədəki münasibətlərə ticarət, yükdaşıma və turizm daxil olmaqla iqtisadi cəhətdən yeni bir nəfəs gətirəcək.

Əvvəllər quru yolu ilə Azərbaycandan Naxçıvana çatmaq üçün Gürcüstan və ya İran ərazisindən keçmək lazım idi. Azərbaycan və Naxçıvan arasında qurulacaq dəhliz İranın bölgədəki təsirini azaldacaq”.

Nəşr vurğulayıb ki, yeni xətt Çin, Türkiyı, Avropa və Cənubi Qafqaz arasında yeni fürsətlər yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu