23 Noyabr 2020 20:27
4 869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən Xudavəng monastırının hansı xalqa məxsus olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu monastır Qafqaz Albaniyasına aid memarlıq abidəsidir. Lakin Qərb və Rusiya tarixçiləri monastırın erməni abidəsi olduğunu iddia edir.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadənin sözlərinə görə, Xudavəng monastrı 13-cü əsrin memarlıq abidəsidir və Alban Xaçın hökmdarının həyat yoldaşı Arzu Xatun tərəfindən tikilib: “Arzu Xatun əslən qıpçaq qızıdır. 1214-cü ildə kitabdəsində də yazılıb ki, bu abidə Arzu xatun tərəfindən tikilib. Deyilənə görə, əsası 1-ci əsrdə şərq ölkələrində xristianlığı yayan İsa peyğəmbərin 12 həvvarəsindən biri olan Faddeyin tələbəsi olan Daddi tərəfindən qoyulub.

Son dövrlərdə bu fikir daha da qabardıldı. Bilirik ki, İsa peyğəmbərin 12 həvvarəsinin heç biri erməni deyildi. Xudavəng monastırında isə elə bir kitabə yoxdur ki, üzərində əsası Daddi tərəfindən qoyulduğu qeyd olunsun.

Sadəcə olaraq ermənilər oranın adını Dadivəng qoyurlar, yəni müqəddəs Daddinin tikdirdiyi kilsə. Daddi isə Azərbaycan türklərinin istifadə etdiyi "ulu, böyük" mənasını verən "dədə" sözündəndir. Həmin "Xudavəng" sözünün özü isə "tanrı kilsəsi" deməkdir, "vəng" kilsə, "xuda" tanrı deməkdir. Xudavəngin yerli türk boylarının qədim ibadətgahlarından biri üzərində inşa olunduğu fikri var. Bilirik ki, Alban xristian abidələrinin əksəriyyəti 7 türk boylarının dini məbədləri üzərində inşa olunurdu ki, əhali o məbədləri dağıtmasın”.

Ramin Əlizadə bildirib ki, Arzu Xatun Xudavəng monastırını genişləndirib və özünün adına Arzu Xatun kilsəsi inşa olunub: “Xudavəng bir müddət xristian Albanlarının əsas dini mərkəzi olub. Amma 1216-cı ilə onun yanında Alban Xaçın hökmdarı üçüncü Həsən Cəlal tərəfindən 1238-ci ilə qədər Gəncəsər monastırı tikilməyə başlayır. Onun da kitabəsi var. Üzərində "Arsaq - Ərsaq soyundan olan Alban Xaçın hökmdarı Həsən Cəlal yazılıb". Görünür, burada da erməni, hay məsələsindən danışılmır. Onlar Albandır və erməniyə heç bir aidiyyatı yoxdur. Anası və həyat yoldaşı qıpçaq qızlarıdır. Qıpçaq qızları isə Qafqazda xristianlığı qəbul edən yeganə türk tayfasıdır. Oğuzlar İslamı qəbul ediblər, qalan hissəsi isə xristianlıqda qalıb. Dədə Qorqud dastanında da görürük ki, Oğuz xanı Qazan xanla Qıpçaq Şöklü Məlik arasında mübarizə gedir.

Qafqaz coğrafiyasında ermənidən, haydan, onların din xadimindən söhbət gedə bilməz. Tarixdə məlumdur ki, 1828-ci ildən sonra ermənilər Türkmənçay müqaviləsi, 1829-cu il Ədirnə müqaviləsi ilə əvvəlcə Çar Rusiyası tərəfindən Qacarlar dövlətindən, daha sonra isə Osmanlı imperiyası ərazisindən, əsas da Anadolu şərqindən ermənilər şimali Azərbaycan torpaqlarına - Qarabağ, İrəvan, Naxçıvan və Zəngəzura köçürülüb. 1828-ə qədər burada erməni kilsəsi olmayıb”.

Abidə haqqında danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib ki, memarlıq üslubuna görə belə ermənilərə heç bir aidiyyatı olmayan, ermənicə "Dadivank" kimi təqdim olunan bu kilsə Azərbaycan Albaniyası memarlığının möhtəşəm nümunələrindən biridir: “Erməni sosial şəbəkələrində Kəlbəcər rayonu ərazisində 27 evlik Xudavəng kəndindəki alban kilsəsinin Azərbaycana geri qayıtması üçün göz yaşları töküldüyünü görmək olar. Ağdərə-Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən bu qədim Alban məbəd kompleksi VI-VII əsrlərdə inşa olunub. Bunun günahı da bizdədir. Azərbaycan xristian keçmişinə, Albaniyaya sahib çıxsa, onda bütün dünya görəcək ki, burada erməni izi tozu belə olmayıb. Bizim alimlərin xristian tariximizi araşdırıb dünyaya təqdim etməsi çox mühümdür. İllərdir xrsitian tariximiz rusların əli ilə erməniləşdirilib. Daha buna "dur" deməyin zamanı çatıb”.

Zaur Əliyev bildirib ki, məbədin ilkin tikintisinin məhz bu dövrə aid olması buradakı qazıntılar zamanı aşkara çıxarılmış saxsı məmulatların öyrənilməsi nəticəsində aşkarlanıb: “Sonrakı dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunmuş, nəhayət, Xaçın knyazı Həsən Cəlal (1215-1261) tərəfindən məbəddə əsaslı bərpa işləri həyata keçirilmişdir. Bəzi məlumatlara görə, Həsən Cəlalın həyat yoldaşı Minə Xatun burada dəfn olunub. Əfsanəyə görə, Qafqazda ilk xristian missioneri olmuş apostol Faddey-Dədə bu kompleksdə dəfn olunub. Ona görə Xudavəng kompleksinin təməlinin IV əsrdə qoyulduğu ehtimal olunur. Kompleksdə əsas inşaat işləri XIII əsrdə alban knyazı Vaxtanqın zamanında aparılıb. Monastır kompleksinin tərkibində indi iyirmidən çox tikili və tikili qalıqları var. Kompleksin baş kilsəsini 1214-cü ildə knyaz Vaxtanqın arvadı Arzu xatun tikdirib. Uca günbəzi və əzəmətli həcmi ilə bütün kompleksin dominantı olan Arzu xatun məbədi Qafqaz Albaniyasının xristian memarlığının şah əsərlərindəndir.

Ehtimal edilir ki, kilsənin interyerindəki freskaları Arzu xatun və onun qızları işləmişlər. Kompleksə ümumilkdə doqquz tikili daxildir. Onlardan beşi əsas tikili digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. Kompleksə daxil olan abidələrin heç də hamısı dövrümüzə yaxşı vəziyyətdə çatmamış, onlardan daha qədim olanlar nisbətən dağılmışdır. Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm divarlarla əhatələnib. Həmçinin kompleksə sonradan əlavə edilmiş Müqəddəs Qriqoris məbədi və Həsən Cəlal kilsəsi də diqqətə layiq memarlıq nümunələridir. Kilsənin qərb və şimal baş tağları daş üzərində incə oyma naxışlarla bəzədilib. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən, bir-birinə bitişik 7 həcmdən ibarətdir. Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta əsr Azərbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun nümayiş etdirir.

Xudavəng monastır kompleksində çoxlu inşaat kitabələri və yazılar qalıb. Onlarda göstərilən bir sıra adlar: Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. bu abidəni ucaldanların etnik mənsubiyyətinin - türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur”.

Zaur Əliyev qeyd edib ki, monastırın binasının divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi: “Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir.

Azərbaycandakı bir sıra alban xristian abidələri bütün tarixi sübutlara əsasən, xalqımızın milli mədəni irsinə aiddir.
Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir”.


Müəllif: Aysel Azad