26 Dekabr 2020 20:54
2 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın nüfuzlu “Spiegel” jurnalında jurnalist Andre Vidmerin müəllifi olduğu “Dağlıq Qarabağ: Xarabalığa geri dönüş” adlı məqalə dərc olunub.

Teleqraf.com-un məlumatına gör, məqalədə bildirilir ki, Ermənistan üzərində qələbə çaldıqdan sonra Azərbaycan bir zamanlar yüz minlərlə azərbaycanlının tərk etdiyi əraziləri geri qaytarıb. Həmin ərazilərə geri qayıdanlar isə minalanmış xarabalıqlarla üzləşirlər.

Məqalədə birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhərini tərk etmiş bacı-qardaş - Humay və Novruz Novruzovlar yaşadıqları rayonun müharibədən əvvəlki vəziyyəti barədə məlumat verirlər. Onlar ermənilər tərəfindən dağıdılmış evlərini, oxuduqları məktəbi göstərir və işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə dinc şəraitdə yaşadıqlarından bəhs edirlər. Humay Novruzova bir vaxtlar sakini olduğu şəhərin dağıntılarına baxaraq bildirir ki, ermənilərin digər insanlara qarşı bu qədər nifrət bəslədiyini düşünməzdi. O, azərbaycanlılar tərəfindən ermənilərə hər zaman yaxşı rəftar edildiyini diqqətə çatdırır.

Novruz Novruzov müharibənin yeni başa çatdığını, ermənilərin hazırda məğlubiyyət hissi içərisində olduğunu qeyd edir.

Məqalədə bildirilir ki, Ağdam bir zamanlar istehsal etdiyi konyaka görə bütün Sovet İttifaqında məşhur şəhər olub, hazırda isə xarabalığı xatırladır. Ağdam erməni işğalçıları tərəfindən müharibə zamanı Dağlıq Qarabağda dağıdılmış şəhərlərin bərpası üçün metal bazası kimi istifadə olunub.

Qeyd edilir ki, Ermənistan birinci Qarabağ müharibəsi zamanı nəinki Dağlıq Qarabağı, eləcə də 7 ətraf rayonu öz nəzarətinə keçirib. Ermənistan istisnasız olaraq azərbaycanlı əhalinin yaşadıqları ətraf rayonları bufer zonası kimi istifadə edib və orada yaşayan əhalini Novruzovlar ailəsi kimi öz vətənlərindən qovub. Ermənistan ordusu tərəfindən tərk edilən şəhərlərin çoxu Ağdamın vəziyyətindədir. Əhalinin buraya qayıtması üçün hələ vaxt lazım olacaq. Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsi, bərpası üçün işlər görür, Ağdama dəmir yolunun çəkilməsi ilə bağlı qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər