19 Fevral 2021 10:57
3 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 13-ü Azərbaycan və Ermənistanda hələ uzun müddət yaddaşlardan silinməyəcək gündür.

Teleqraf.com bildirir ki, Cənubi Qafqazın iki respublikası arasında münaqişə kimi başlayan, daha sonra müharibəyə çevrilən və 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı bəyanatla son qoyulan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı məhz həmin gündən götürülür. İlk dəfə 13 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati mərkəzi Xankəndi şəhərində kütləvi etiraz aksiyası (mitinq) keçirilib (Yeri gəlmişkən, həmin mitinqin təşkilatçılarından biri o günlərdə İrəvanda Qarabağ ermənilərinə dəstək məqsədilə, onun Ermənistana birləşdirilməsi üçün yaradılan “Qarabağ” Təşkilat Komitəsinin ilk üzvü, iqtisad elmləri namizədi, Ermənistan SSR Dövlət Plan Komitəsinin Planlaşdırma və İqtisadiyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi İqor Muradyan idi). Mitinqin məqsədi DQMV-nin Ermənistana birləşdirilməsi idi. Fevralın 16-dan martın 2-dək isə Xankəndinin mərkəzi meydanında mitinqlərin praktik olaraq ardı-arası kəsilmir.

Bundan sonrakı mərhələdə Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının öz tarixi yurd-yuvalarından zorla qovulması baş verir. Ermənilərin əməlləri Azərbaycanda kəskin etirazla qarşılanır. 1988-ci ilin noyabrında Bakıdakı Azadlıq meydanında milyonlarla insanın iştirak etdiyi fasiləsiz mitinqlər başlayır. Erməni yaraqlıları azərbaycanlılara məxsus avtobuslara, digər nəqliyyat vasitələrinə silahlı hücumlar edir. Artıq vilayətdə proseslərin nəzarətdən çıxdığını görən Sovet İttifaqı rəhbərliyi Daxili Qoşunların və Xüsusi Təyinatlı Milis Dəstələrinin iştirakı ilə bölgədə hərbi əməliyyat keçirmək qərarına gəlir. “Çaykənd əməliyyatı” və ya “Halqa əməliyyatı” (rusca “Operatsiya Koltso”) strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti özlərini “fədai” adlandıran yaraqlıları tərk-silah edib, onların təchizat yollarını kəsməyə çalışır, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən “halqa” yaratmaq istəyirdi. 1991-ci il 30 aprel-15 may tarixlərində keçirilən “Halqa” əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu. Britaniyalı jurnalist Tomas de Vaalın fikrincə, bu əməliyyat öz-özlüyündə şübhəsiz ki, sovet dövrünün ilk və son vətəndaş müharibəsi idi, çünki Sovet Ordusunun hissələri elə Sovet İttifaqı ərazisində hərbi əməliyyat aparırdılar.

Beləliklə, 1988-ci ilin fevralın 13-dən Qarabağ separatçılarının başlatdığı və bu il bir qərinəsi tamam olan bu hərəkat on minlərlə insanın ölümünə, on minlərlə insanın yaralanmasına, əlil olmasına, psixo-sosial travma almasına, Azərbaycan ərazilərinin itirilməsinə, ona on milyardlarla dollar ziyan vurulmasına, işğal olunmuş ərazilərin talan edilməsinə, müharibə iştirakçılarının döyüş psixi travması almasına, sonrakı dövrdə onların bəzilərinin posttravmatik stress pozğunluğu yaşamasına, “İki min yard baxışı” və ya “Kəhkəşana baxış” (ing. Two-thousand-yard stare) kimi sindromlardan əziyyət çəkməsinə səbəb oldu...

Ancaq bütün müharibələr zamanı olduğu kimi bu müharibənin də birinci (1991-94) və ikinci (2020) mərhələsində insani əlaqələrin yaradıldığını, yaxud əvvəlki əlaqələrin qorunub saxlanıldığı kiçik həyat hekayətlərinin və ya epizodların şahidi olmaq olar. Bəlkə də bu hekayətlər gələcəkdə iki xalq arasında münasibətlərin normallaşması yolunda bir stimul ola bilər. Axı hələ 1 iyul 1999-cu ildə Cenevrə Demokratiya Quruculuğu İnstitutunun “Medianın dəstəklənməsi” layihəsi çərçivəsində Bakıda keçirilən konfransın iştirakçısı olan Gürcüstan və Ermənistan jurnalistlərini Prezident Sarayında qəbul edərkən Ulu öndər Heydər Əliyev Azərbaycan və Ermənistanın əbədi olaraq münaqişə vəziyyətində qalacağına inanmadığını bildirmişdi...

Teleqraf.com azərbaycanlılar və ermənilər arasında insani əlaqələrə bir nümunə kimi Vitali Balasanyanla Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırov arasında mövcud olan münasibətlərin az bilinən tarixçəsini təqdim edir. Bu münasibətləri dostluq adlandırmağın mümkün olub-olmadığını oxucuların öz öhdəsinə buraxırıq.

1992-ci ildə BMT missiyası Qarabağda idi, onun rəhbərinin müavini hazırda BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi olan Steffan de Mistura idi.

BMT nümayəndə heyətini erməni tərəfdən Əsgəran müdafiə rayonunun komandiri Vitali Balasanyan, Azərbaycan tərəfdən isə Ağdam müdafiə rayonunun komandiri Allahverdi Bağırov qarşılayır.

BMT missiyasının səfəri ilə bağlı videonun əvvəlində siz Vitali Balasanyan və Allahverdi Bağırovun şifahi salamlaşmalarını və əl sıxmalarını görə bilərsiniz.

Vitali Balasanyan Ermənistan saytlarından birinə Allahverdi Bağırovla hələ müharibədən əvvəl başlayan dostluğundan (sayt bu münasibətləri dostluq adlandırır-S.Həmid) danışıb.

Mən Allahverdinin böyük qardaşı Maliklə yaxın idim. Mən müharibədən əvvəl Əsgəranda bir ictimai iaşə müəssisəsini idarə edirdim. Malik isə Ağdamda bir restoranın direktoru idi. Biz beləcə tanış olmuşduq.

Səksəninci illərin sonlarında Malik Azərbaycan Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin sədri oldu. 1991-ci ildə Malik mitinqdən sonra Bakının sahilyanı parkında (bunun Dənizkənarı Bulvar, yoxsa Sahil bağı olduğu anlaşılmır. Yazıda “Primorskiy park” sözü keçir-S.Həmid) öldürüldü.

Allahverdi yaxşı futbol oynayırdı, onun öz komandası var idi. O, qardaşının ölümündən sonra onun yerini tutdu. Həmin vaxt Ağdamda iki qoşun var idi: biri Azərbaycanın rəsmi rəhbərliyi, digəri Xalq Cəbhəsi tərəfindən təyin edilmişdi.

Allahverdi çox yaxşı insan idi. Ümumiyyətlə, onun ailəsi yaxşı ailə idi, mən onlarla yaxın idim. Onun yaxşı atası var idi.

Bizim tanışlığımız və ünsiyyətimiz, birmənalı olaraq həm mənə, həm də ona fayda verirdi. Biz o günlərdə yüzlərlə məsələni həll edirdik. Bu və ya digər səbəbdən qarşı tərəfdə olan insanlarla bağlı Allahverdi ilə görüşlər keçirirdik və onların qaytarılması istiqamətində razılıq razılıq əldə olunurdu. Allahverdi çox məsuliyyətli insan idi: elə bir iş olmurdu ki, mən həmin işlə bağlı onunla əlaqə saxlamayım və həmin məsələ həllini tapmasın.

Bəzən elə olurdu ki, bizim yaralı uşaqlarımız (hərbçilərimiz mənasında) onların tərəfində qalırdı və radist bu barədə mənə məlumat verirdi. Mən Allahverdi ilə əlaqə saxlayırdım və məsələ qarşılıqlı razılaşma ilə həllini tapırdı. O, məsələnin bizim adamlarımızın ölümü həddinədək gəlib çıxmasına imkan vermirdi...

Düşmənçilik bizim bu günümüzdə güclüdür (Vitali Balasanyanın bu müsahibəsi Vətən müharibəsindən əvvəl verilib). İndi həm ordular, həm elitalar, həm də cəmiyyətlər düşmənçilik əhval-ruhiyyəsindədir. Bu çox təhlükəlidir. O zaman qoşunlar o qədər düşmən deyildi: biz bəzən rəhbərliyə məruzə etmədən məsələləri tez bir zamanda həll edə bilirdik. Mən adamlarımın mənə qaytarılacağını bildiyim halda nə üçün yaralı Azərbaycan əsgərini və ya həlak olanın nəşini saxlamalıydım?!..

Allahverdi bizim ərazimizdə, Aranzəmin kəndinin (Xocalı rayonunun Aranzəmin kəndi həmin vaxt artıq işğal altına düşmüşdü) girişində həlak oldu: UAZ-da beş nəfər var idi. Onlar 12 iyun 1992-ci ildə mina partlayışına məruz qalmışdılar... Allahverdi Ağdamda dəfn edilib. Onun qəbri qorunub saxlanılıb, yanında fotoşəkli var...

Allahverdi Bağırov

22 aprel 1946-cı ildə Ağdamda anadan olub. İdmanla məşğul olub, “Qarabağ” futbol klubuna rəhbərlik edib. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinə daxil olub, Ağdam rayonunun müdafiəsini öz üzərinə götürüb. Xocalı faciəsi zamanı Allahverdi Bağırovun Əsgəran batalyonunun komandiri Vitali Balasanyanla danışıqlarından sonra üç gün ərzində 1003 Xocalı sakini əsirlikdən azad edilib. Həmçinin, bu danışıqlar nəticəsində 700 azərbaycanlının cəsədi geri alınıb.

12 iyun 1992-ci ildə şəhid olub. Ölümündən sonra – 24 fevral 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Vitali Balasanyan

5 mart 1959-cu ildə DQMV-nin Əsgəran rayonunda anadan olub. 1990-cı ildə Əsgəran rayonu özünümüdafiə qüvvələrinin komandiri, 1991-ci ildə birinci çağırış qondarma DQR Ali Sovetinin deputatı seçilib. 1992-ci ilin avqustunda qondarma DQR müdafiə ordusunun Əsgəran müdafiə rayonunun komandiri təyin edilib. 1996-1999-cu illərdə hərbi birləşmənin komandiri, 1998-1999-cu illərdə qondarma rejimin müdafiə ordusunun komandanının müavini olub. 1999-cu ilin sentyabrında qondarma rejimin “müdafiə naziri”nin müavini təyin edilib. 2000-ci ilin martında Vitali Balasanyan general-mayor rütbəsinə layiq görülüb. 2002-ci ildə ona “Artsax qəhrəmanı” adı verilib. 2005-2016-cı illərdə qondarma DQR-in qondarma parlamentinin deputatı olub. 2016-cı ildə “DQR” təhlükəsizlik şurasının katibi təyin edilib.

Vitali Balasanyan Xocalı soyqırımının çox fəal iştirakçısıdır. O, 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Samvel Babayan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına etiraz əlaməti olaraq qondarma rejimin təhlükəsizlik şurasının katibi postundan istefa verdikdən sonra Vitali Balasanyan noyabr ayında yenidən bu posta təyin edilib.


Müəllif: Səxavət Həmid