“Biz əminik ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən də danışıb:
“Ərdoğanın səfəri Türkiyə və Azərbaycan arasındakı ikitərəfli münasibətlər kontekstində baş tutub. Biz bu gün Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edərək Azərbaycanla Ermənistanın münasibətinin normallaşmasına, azərbaycanlıların və ermənilərin bu torpaqlarda yan-yana, mehriban qonşuluq şəraitində yaşamalarına şərait yaratmağa kömək etsin. O zaman istənilən bütün məsələləri, o cümlədən siyasi məsələləri həll etmək daha asan olacaq”.
Lavrov qeyd edib ki, Türkiyə ilə Rusiyanın əməkdaşlığının əlavə istiqamətlərindən biri regionda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsidir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” mexanizminin yaradılması təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq və ilk vaxtlar üçün yaxşı planlarımız var. Bir daha təkrar edirəm, Azərbaycan-Ermənistan məsələsində sıx və səmərəli əməkdaşlıq bizi qane edir”.