Bu gün 27 Sentyabr – İkinci Qarabağ müharibəsinin başlanmasından bir il ötür. Bu tarix təqvim üçün kiçik, Azərbaycan üçün böyük zaman dilimidir. Bir il əvvəl Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında 30 illik işğala son qoydu.
Tarixi günlə bağlı Teleqraf.com-a fikirlərini bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, bu tarix bir daha Azərbaycan xalqının qüdrətini sübut etdi:
“Biz bu qələbəni daim ürəyimizdə yaşamışıq. Bu isə zəfərimizi təmin edən əsas faktorlardandır. Gündəlik əməyimiz, silahlı qüvvələrin inkişafı ilə bu günü bütün varlığımızla gözləyir, yaxınlaşdırırdıq. Biz bu mövzuda bir ola bildik. Xalq-iqtidar birliyi, xalqın dövlətin ətrafında birləşməsi, cənab prezident ali baş komandanı dəstəkləməsi, ölkə başçısının səyi nəticəsində Azərbaycan ordusu inkişaf etdi, ən müasir silahlarla silahlanaraq silahlı qüvvələrimiz gücləndirdi. Biz savaşa qədər hamımız qarabağlı idik.
Demək olar ki, heç bir tədbirimizdə Qarabağ unudulmurdu, hər zaman mərkəzdə idi. Biz bununla yaşayırdıq. Torpaqlarımızı azad etmək haqq işimiz idi. Qələbə qazanaraq ədalətimizi bərpa etdik. Hərbiçilərimizin peşəkarlığı, qəhrəmanlığı bir gün nəticəsi deyil. Bütün bunlara qarşı hazırlaşırdıq, torpaqların azad edilməsi əmrini aldıqdan sonra bütün potensialımız, varlığımızla bunu həyata keçirdik. Bu gün zəfər qazanan qalib xalqıq. Bu gün ordumuz zəfər ordusudur”.
Şair Ramaldanovun sözlərinə görə, məğlubiyyətlə barışmayan düşmənə qarşı Azərbaycanın "dəmir yumruğ"u hər zaman hazır vəziyyətdədir: “Azərbaycanın qələbəsi dostlarımızı sevindirir, düşmənlərimizə tarixi ismarıcdır. Bu gün cənab prezidentin dediyi kimi, hələ də Ermənistanda bəzi revanşist qüvvələr öz revaşist ideyalarını irəli sürürlər. Bəyannamədə qeyd olunan tələbləri yerinə yetirməkdən boyun qaçırmaq istəyirlər. Düşünürəm ki, bununla bağlı cənab prezident öz xəbərdarlığını edib. Lazım gələrsə, Azərbaycan öz maraqları uğrunda həmin qüvvələrə öz gücünü göstərə biləcək şəkildədir”.