Füzulinin azad olunması uğrunda şəhid olan çavuş, motoatıcı manqa komandiri Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Həyat yoldaşının şəhadətindən sonra universitetə daxil olan dörd xanımdan birisiniz. Artıq universitetlərdə dərslər başlayıb. İlk təəssüratınız necədir?
- Hələ Fariz sağ ikən ali təhsil almaq istəyirdim. Amma uşaqlar balaca idi, mövcud şərait imkan vermirdi. Uşaqlıqdan ali təhsil almaq istəmişəm, o vaxtlarda ailədəki qayğılar, problemlər imkan vermədi. Qismət elə gətirdi ki, universitetə Fariz şəhid olandan sonra daxil oldum.
Valideynlərimi çox tez itirmişəm. Hələ dördüncü sinifdə oxuyarkən anam yataq xəstəsi oldu. Həmin ildən anamı itirdim. Yəni gözü baxırdı, amma hərəkət edə bilmirdi. Ailənin tək övladı olmuşam, köməyim yox idi, kiçik yaşda xəstə anama baxmaq mənim üçün hədsiz çətin idi. 11-ci sinifdən məzun olmağıma 1 ay qalmış aprel ayında anam dünyasını dəyişdi.
Qəbul imtahanında düzgün cavablar yazsam da, kodlaşdırmada yol verdim səhv ucbatından ali məktəbə daxil ola bilmədim.
Anamın yoxluğuna atam dözmədi. Necə Farizlə mən, onlar da bir-birilərini çox istəyirdilər. Atam da anamdan iki il sonra dünyasını dəyişdi.
- Yoldaşınız şəhadəti, iki uşaq, ailə qayğıları... Necə hazırlaşdınız universitetə? Ümumiyyətlə, bütün bunlardan sonra ali təhsil almaq zərurəti nədən yarandı?
- İnsanı gücləndirən elə acılardır. Zərurət deyil, bu, bir vəzifə borcu idi. Çünki ali təhsil almağımı yoldaşım istəyirdi. Ondan sonra qarşıma məqsəd qoydum ki, bu həyatda özüm yox, yalnız onun arzularını davam etdirmək üçün yaşayacam. Universitetə daxil olanda bildim ki, onun ruhu şad oldu. Çünki həmin gecə yuxuma girib məni təbrik etdi.
Hədsiz çətin oldu. Amma Azərbaycan qadını acılarından güc alaraq qarşısına qoyduğu məqsədə çatır. Şükür ki, məqsədimə çatdım. Bu, həyatımın bəlkə də ən böyük uğurudur. Çünki Farizin istəyini yerinə yetirdim. Həmişə bu yolda da davam edəcəyəm...
- Bu il həm də şəhidimizin qızı birinci sinfə başladı. Fariz Həsənov sağ olsaydı, bunlara necə sevinərdi?
- Bəli, o da atasının arzusunu reallaşdırdı. Fariz istəyirdi ki, qızımız Sevinclə oğlumuz Ruslan yaxşı yerlərdə oxusunlar. Həmişə Sevincə deyirdi ki, oxuyub diş həkimi olarsan, birinci atanın dişlərini düzəldərsən. Şükür ki, qızım imtahan verib liseyə qəbul oldu. Bu, Farizdən sonra həyatımda gerçəkləşdirdiyim iki uğurdur. Üçüncü arzum da gələn il oğlum liseyə qəbul olmasıdır. İnşallah onu da edəcəm.
Fariz sevincini çox büruzə vermirdi, amma həmişə sevinəndə göyə güllə atırdı. Qızımızın dünyaya gəlməsini ona xəbər verəndə də sevincindən göyə güllə atmışdı. O, hətta bir ermənini də öldürmüşdü. Bilirəm ki, o burda olsaydı, birinci yetimlər evində gedib qurban kəsərdi. Həmişə bir günlük də olsa, yetim uşaqların qarnını doydurmaq istəyib.
Onun haqqında illərlə danışsam bitməz. Fariz 8 illik evliliyi 80 ilə sığdırdı. Ailələr var ki, 80 il ömür sürür, heç 1 il normal yaşamırlar. Amma bizim hər saniyəmiz nəvaziş, qayğı, bir-birimizə xoş söz deməklə keçib.
- Fariz Həsənovu tanıyandan hərbi xidmətdə olub?
- Bəli. Əsgərliyini Prezidentin Milli Qvardiyasında başa vurub. Ümumi olaraq 12 il hərbi xidmət edib. Aprel döyüşlərində Qazax rayonunun Kəmərli kəndində iştirak etmişdi. Həmin döyüşlər bitəndən sonra “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, həmçinin ordunun 95 illiyi münasibətilə təltif olunub. Çox sayda fəxri fərmanları var. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunub.
Fariz 7 ilə yaxın Qazax rayonunun Kəmərli kəndində post şəraitində xidməti vəzifəsini yerinə yetirib. Bura düşmənə ən yaxın calaq post idi. İndi həmin post Həsənovun postu kimi tanınır. Ora can qoymuşdu, öz vəsaiti hesabına işıq çəkdirdi, meyvə ağacları əkmişdi. Qaldığımız ev xidmət etdiyi posta yaxın idi. Evə gələ bilməyəndə təpənin başına çıxardı, bir-birimizi uzaqdan görürdük. İndi oraya getmək istəyirəm. Amma orada nə hislər keçərəcəyimi düşündükcə fikirlərim qarışır...
- Fariz Həsənovla necə tanış olmusuz?
- Farizlə evlilik həyatımız barədə kitab yazıram. Bu, 8 illik bir dastandır. Kitabı fevral ayına qədər bitirməyi planlaşdırıram. Çünki fevralda Farizin ad gündür, ona hədiyyə etmək istəyirəm.
Fariz Ağstafanın Dağ Kəsəmənli, mən də Pirili kəndindənəm. Ancaq tanışlığımız bir rayondan olmağımızla başlamadı. Onun dostunun həyat yoldaşı rəfiqəm idi. Kənddə anasıgillə qonşu olmuşuq. Fariz o vaxt da Qazaxın Kəmərli kəndində hərbçi işləyirdi. Dostu ona evlənmək vaxtının olduğunu deyib. Fariz də ölümü çiynində daşıdığını və bunu bilə-bilə onunla heç bir qızın ailə qurmaq istəmədiyini deyib. Dostu Farizi məni görməyə razı salıb.
Atam usta işləyirdi. Bu bəhanə ilə bizə gəlmişdilər. Guya Farizgilin evlərinin təmirə ehtiyacı var. Həyətdə gülləri sulayırdım. Birdən başımı qaldırıb Farizin mənə baxdığını gördüm. O vaxtı buna sərt reaksiya göstərmişdim. Hətta atam məni sakitləşdirib Farizdən üzr istəmişdi.
Onlar işi danışıb getdilər. Biz kasıb ailə olmuşuq. Atamın işi olanda sevinirdik ki, bir aylıq dolanışığımız olacaq. Atam da sevinmişdi ki, dörd otaq təmir olunacaq, deməli, yaya kimi pulumuz var. Atam bu işlə razılaşdığı üçün gələn iş təkliflərindən də imtina edirdi.
Fariz yolda dostuna mənimlə evlənmək istədiyini deyib. O bildirib ki, kasıb olsa da, mərddir, onu bu həyatda yarımçıq qoysam belə, yolumu davam etdirəcək. Yaxşı ki, onu tanımışam, onunla qarşılaşmışam...
Sonralar onların bizə gəliş məqsədlərinin nə olduğunu bildik. Aradan bir müddət keçəndən sonra həyatına mənimlə davam etdirmək istədiyini dedi. Ona etiraz etdim, evlənsəm atamın tək qalacağını bildirdim. Atamın paltarını kim yuyar, yeməyini kim bişirər?! Düşünürdüm ki, atam tək qalsa, mənəvi cəhətdən sarsılıb öləcək. O vaxtı mən atama necə möhtac idimsə, indi də atam mənə möhtac idi.
O, indi evlənmək istəmədiyini, amma üzüyünü barmağımda daşımağımı təklif etdi. Mənə fikirləşmək üçün 20 gün vaxt verib getdi. Sonra mesaj yazmışdı: “Salam, Əzizə, necəsən? Fikirləşə bilirsən? Cavabını səbirsizliklə gözləyirəm. F”. Bundan sonra Farizlə aramızda münasibət başladı, 10 ay nişanlı qaldıq.
Bizim toy etmək imkanımız yox idi. Nişandan 5 ay sonra atam infarkt keçirdi. Onu Bakıda xəstəxanaya gətirdim. Burada işləyib həm atama baxırdım, həm də xəstəxana xərclərini ödəyirdim. Atamın səhhətində irəliləyiş yox idi, gündən-günə geri gedirdi. Onu xəstəxanadan çıxarıb bibimgilə gətirdik.
Fariz həmin vaxt məzuniyyətə gəlmişdi. Mənə dedi ki, görürəm, toy hələ gec olacaq. Ona görə də ona qoşulub qaçmağımı təklif elədi. Atamla məsləhətləşdim, elə bil o da bunu istəyirmiş. Dedi, get, halallığını verirəm, Allah xoşbəxt eləsin. Atamın xeyir-duası ilə avqustun 27-də getdim, sentyabrın 30-da toyumuz oldu. Artıq evliliyimizin 9 ili tamam oldu...
Ötən ilin bugünkü gün Fariz hərbi xidmətdən evə gəlmişdi. Mənə bir qızıl gül, bir də güllədən ibarət boyunbağı hədiyyə etmişdi. Hər ikisini saxlayıram...
- İki övlad böyüdürsüz, onların təlim-tərbiyəsi, üstəlik tələbəsiz. Yəni məsuliyyətiniz daha da artıb. Bunlar sizi qorxutmur ki?
- Əzizlərini itirmiş bir insanı nə qorxuda bilər?! Həyatda ən əziz bildiyim insanların hamısını itirmişəm. Bu, ən qorxduğum şey idi, başıma gəldi. Artıq çətinliklərdən qorxmaq yox, onlardan güc alıram. Qorxan insan bataqlıda batar. İndiyədək təkcə ana idim, indi çiynimdə həm də ata yükü var. Bəlkə atam-anam olsaydı, dəstək olardılar, amma onlar da yoxdurlar. Övladlarımın da heç kimi yoxdur...
- Övladlarınız körpədirlər, amma hər şeyi başa düşəcək yaşdadılar. Atalarının şəhid olmasını necə qarşıladılar?
- Qızım dərk etsə də, atası kimi qapalıdır. İstəmir kimsə onun ağladığını görsün. Atası haqqında söhbət açılan kimi, öz otağına çəkilib gizlin ağlayır. Yanına getmirəm, deyirəm qoy ürəyini boşaltsın. Tez-tez atasını yuxuda gördüyünü deyir. Hətta liseyə qəbul olanda gözünün qarşısından keçdiyini dedi. Sevinc hər şeyi başa düşür, çox həssas uşaqdır.
Oğlumun 5 yaşı var, hələ balacadır. Hislərini büruzə verə bilir. Gah deyir atam işdədir, gələcək, gah da atasının şəhid olduğunu söyləyir. Dəfn günü məzarlıqda bayrağı ona təqdim etdilər. Çıxanda çevrilib atasının məzarına baxıb sual verdi ki, ana, atam burda qalacaq? Atamın evi buradır? Gəlməyəcək yanımıza? Qarşısında susdum, hələ də o suallara cavab tapa bilməmişəm. “Gələcək” deyib uşağa ümid vermək istəmirəm. Onda da atasını gözləyəcək.
Ata barədə sual verəndə çalışıram ki, onun yoxluğunu yox, varlığını aşılayım. Evdə elə ab-hava yaradıram ki, uşaqlar atalarının yoxluğun hiss etmirlər. Hələ də Farizə yemək çəkirəm. Uşaqlar sual verəndə ki, atam gəlmədi, deyirəm biz görmürük, stulun başında oturub. Bu sözləri demək çox çətindir...
- Nisgilinizi az da olsa, yüngülləşdirən nəsə var?
- Nisgilimi azaldan heç nə yoxdur. Yaramız heç vaxt köhnəlmir, sadəcə üzəri qaysaq bağlayır. Fariz haqqında danışanda o yara yenidən qanayır. Sağalmaz yaradır...
Farizin ilk dəfə ağladığını general-mayor Polad Həşimov şəhid olanda gördüm. Ondan sonra hər gün generalın qisasını almaq üçün dua edirdi, özü də şəhid olmaq istəyirdi. İstəyinə çatdı.
Fariz yuxusunda şəhid olduğunu görmüşdü. O, Füzuli rayonun Qaraxanbəyli kəndində düşmənin 50 nəfərə yaxın hərbçisini məhv etmişdi. Ümumi olaraq rayonun 8 kəndinin işğaldan azad olunmasında iştirak etmişdi. Onların olduğu yer minomyotla atəşə tutulub, sonra bombalanıb. Eyni vaxtda Farizlə bərabər 8 nəfər də şəhid olmuşdu.
Xəbər çıxanda əvvəlcə onun yaralı olduğun dedilər. Allaha dua edirdim ki, əli, ayağı, hətta gözü belə olmasın, təki quru nəfəsi uşaqların üstündə olsun. Mən onsuz da çətinliyə öyrənmiş insanam, ömrümün sonuna qədər işləyib ona baxardım. Yetər ki, səsi gələrdi, qismət olmadı...
- Qarabağda olmusunuz?
- Yox.
- Harada olmaq istərdiniz?
- Farizin şəhid olduğu nöqtədə. Əslində, tərəddüd içindəyəm, həm getmək istəyirəm, həm də yox... Necə dözərəm?!
Təsəllim odur ki, Farizin qisası yerdə qalmadı. Deyirlər şəhidlər vurulanda yox, unudulanda ölürlər. Əgər onları unutmasaq yaşayacaqlar. Bu da bizim üçün bir təsəllidir.
- İşləyirsizmi?
- Hazırda işsizəm. İnşallah, münasib bir iş olarsa, işləyərəm. Şəhid ailəsi üçün Prezident təqaüdü təyin edilib. Yoldaşımın aldığı maaş da övladlarına kəsilib.
- Harada yaşayırsız?
- Xırdalanda kirayədə qalırıq. Əslində, bu il Stansiya Sumqayıt deyilən ərazidə şəhid ailələri və müharibə əlillərinə ev verilənlər arasında biz də varıq. Ora şəhərdən hədsiz dərəcədə uzaqdır, gediş-gəliş mümkünsüzdür. Binaya təbii qaz da verilməyib, heç yaşayış da yoxdur.
Özüm universitetə, qızım liseyə qəbul olub. Aydın məsələdir ki, gündəlik şəhərə gəlib getməliyik. Verilən mənzillər çox əlverişsiz yerdir. Mənzillərə çıxarış verilmədiyi üçün satmaq, dəyişmək olmur.
- Bundan sonrakı planlarınız nədir?
- Bir şəhid yoldaşı olaraq şəhid ailələrinə xidmət etmək. Xeyli şəhid ailələri ilə görüşüb danışıram. Bundan təsəlli tapıram. İmkanım olsa, bir cəmiyyət qurardım. Şəhid ailələrinə və kimsəsiz uşaqlara dəstək olmaq istəyərəm. Farizin ilk pensiyasına üç yerdə qurban kəsdim. İkisini Bakıdakı uşaq evində, birini isə Afrikada ac uşaqlara göndərdik. Daha sonra Banqladeşdə su çəkdirdik, iftar süfrəsi verdik. Bunlar Farizin istədikləri idi, yerinə yetirdikcə vicdan rahatlığı tapıram.
Bu müsahibə "Qadın Konsensus Mərkəzi" İctimai Birlyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Şəhid ailələrin sosial problemlərinin həllinə dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb