7 Yanvar 2022 22:13
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdiyi ərazilərdəki “ruslaşdırma siyasəti” heç də yaxşı niyyətdən xəbər vermir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Azərbaycan prezidentinin Rusiyanın hakim partiyasının sədrinə ünvanladığı məktuba diqqət çəkib:

"Rusiya Dövlət Dumasının deputatı, hakim “Vahid Rusiya” partiyasının üzvü Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Hesab edirəm ki, Azərbaycan liderinin Milonovun Xankəndinə qanunsuz səfəri ilə bağlı etiraz məktubu Kremlə ciddi mesajdır. Çünki Rusiya etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində “rus icması” yaratmağa çalışır. Burada Rusiyanın mədəni və ictimai-siyasi xadimlərinə abidələrin ucaldılması, rus kilsəsinin inşası da bundan xəbər verir.

Əlbəttə, baş verənlər rəsmi Bakını narahat etməyə bilməzdi. Təkcə Milonov yox, Rusiya Dumasının digər bir neçə üzvü də Xankəndi yolunu “su yolu”na döndərib. Ruslar burada “rus icması” formalaşdırmaqla Azərbaycanın suverenliyinə təhdid yaradırlar.

Hesab edirəm ki, baş verənlər fonunda pezidentin Medvedevə etiraz məktubunu Moskvaya xəbərdarlıq kimi də qiymətləndirmək olar. Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdiyi ərazilərdəki “ruslaşdırma siyasəti” heç də yaxşı niyyətdən xəbər vermir. Bunun qarşısını vaxtında almaq lazımdır. Yəni təhlükəni rüşeymində boğmaq lazımdır ki, sonradan böyüyüb hədəyə çevrilməsin. Prezidentin etiraz məktubuna da Bakının bu təhdidə qarşı hərəkətə keçməsi anlamında baxmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu