Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışlarından birində ermənilərin Laçın və ətraf kəndlərini boşaldacağını bildirmişdi. Paşinyan anlayırdı ki, Azərbaycan alternativ yolu tamamladıqdan sonra 10 noyabr bəyanatında görə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılmasını tələb edəcək. Bu zaman yetişdi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilib.
Mərkəzin analitiklərinin fikrincə, buna baxmayaraq, Paşinyan Ermənistan tərəfdən Azərbaycanla sərhədə yolun çəkilişini ləngidirdi:
“Paşinyan Azərbaycan ərazisindəki alternativ yolu Ermənistanla birləşdirəcək yolun tikintisini radikal müxalifətin mümkün etirazına görə ləngidirdi. Ancaq artıq Ermənistan hökumətinin qərarıyla alternativ yolu Ermənistana birləşdirəcək yolun tikintisinə başlanılıb.
Paşinyanla yanaşı Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan da Laçın şəhərinin, ətraf kəndlərin və uzun illərdir dəhliz kimi istifadə etdikləri yolun boşaldılmasının zərurətini anlayır. Təsadüfi deyil ki, Arutyunyanın təlimatıyla ermənilərə Laçın şəhərinin və ətraf kəndlərin boşaldılması tapşırılıb. Orada yaşayan ermənilərə o da tapşırılıb ki, yaşayış yerlərini yandırmasınlar. Çünki erməni separatçıları anlayırlar ki, Kəlbəcərdə olduğu kimi Laçında da yanğınların törədilməsi onlar üçün vəziyyəti daha da gərgniləşdirə və Azərbaycan ordusunun növbəti anti-terror əməliyyatına şərait yarada bilər.
Erməni separatçılarının Kəlbəcər istiqamətində olduğu kimi Laçın və ətraf kəndlərə gedən yolları minalamaları da onlara baha başa gələcək. Bu halda erməni separatçılarının alternativ yoldan istifadəsi çətinləşəcək. Alternativ yola keçid zamanı Laçın şəhəriylə yanaşı, Laçının bütün kəndləri işğaldan azad olunacaq. Alternativ yolun ətrafında kənd və qəsəbə yoxdur”.
Təhlildə qeyd edilir ki, Laçın şəhərinin və rayonunun azad olunması və orada Azərbaycan ordusunun möhkəmlənməsi Qarabağ separatçılarının mühasirəsini daha da daraldacaq və əgər separatçılar tərksilah barədə qərar verməzlərsə, bu növbəti antiterror əməliyyatlarına şərait yaradacaq:
“Digər tərəfdən, Nikol Paşinyanın Qərbi Zəngəzurda dəhlizə şərait yaratmaması Qarabağla Ermənistanı birləşdirəcək alternativ yolun sonunda Azərbaycan sərhəd və gömrük postunun yaradılmasını sürətləndirəcək”.