Sentyabrın 10-da Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən Ağalıya altıncı köç karvanı yola salınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, yolasalma mərasimindəDövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Daha 62 nəfər – 13 ailə daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalı kəndinə yola salınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Qeyd edək ki, bu qayıdış Ağalı kənd sakinlərinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yeni yaşayış sahələrinə köçürülməsinin ikinci mərhələsinin yekunudur. İndiyədək 66 ailə - 326 nəfər Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.