Azərbaycanlıların Laçın-Şuşa yolundakı etiraz aksiyası davam edir.
Teleqraf.com-un məlumatına görə, aksiya iştirakçıları Azərbaycan himnini səsləndiriblər.
***
11:55
Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı aktivistlər Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ictimai fəal, Kəlbəcər rayon sakini Həcər Abbaslı məlumat verib.
"Biz sülhməramlılara öz tələblərimizi irəli sürmək üçün buraya gəlmişik. Ekoloji terrora son deyirik. Öz haqlı tələblərimizi sülhməramlıların rəhbərinin nəzərinə çatdırmaq üçün buradayıq. Bütün Qarabağda olan erməniləri də bizə dəstək verməyə çağırırıq. Çünki onlar da bizim vətəndaşlarımızdır. Baş verən ekoloji terrora onlar da susmamalıdırlar. Qarabağda yaşayan erməniləri burada keçirdiyimiz aksiyaya qoşulmağa dəvət edirik" - o, deyib.
Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.
***
11:22
Azərbaycanlıların Laçın-Şuşa yolundakı etiraz aksiyası davam edir.
Məlumata görə postda dayanan Rusiya sülhməramlılarına dəstək üçün əraziyə əlavə silahlı qüvvələr gəlib.
***
10:31
Hazırda azərbaycanlılar Laçın-Şuşa yolunda aksiya keçirirlər.
Teleqraf.com xəbər verir ki, onlar Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlişini tələb edirlər.
Qeyd edək ki, hadisə yerində olan jurnalist Elməddin Muradlı saytımıza açıqlamasında deyib ki, etirazçılar Laçın dəhizinə daxil olublar və sülhməramlıların komandanı general Volkovun gəlməyini tələb edirlər.
Jurnalist əlavə edib ki, sülhməramlılardan onlara yaxınlaşlan polkovnik içkili vəziyyətdə olub.