19 Dekabr 2022 19:12
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndiki halda Laçın dəhlizi ilə Zəngəzur dəhlizi arasında müqayisə aparmaq daha doğru olardı. Sözsüz ki, səbəblər fərqlidir. Çünki Zəngəzur dəhlizini rəsmi qiymətləndirsək siyasi prosesdir. Laçın dəhlizində baş verənlər isə vətəndaş cəmiyyətinin haqlı aksiyasıdır. Sözsüz ki, Azərbaycan cəmiyyəti ekofəalların aksiyasını dəstəkləyir, Azərbaycan dövləti də buna etiraz etmir. Amma proseslər bir qədər fərqlidir. Ekoaksiya olmasaydı, biz Zəngəzur dəhlizini dayandıracaqdıq?.. Zəngəzur dəhlizi ilə bağlı tikinti işləri gedir. Hətta dünən elan olundu ki, yolun böyük hissəsi hazırdır”.

Bunu Teleqraf.com-a hərbi analitik Azad İsazadə deyib.

O əmindir ki, Xankəndi-Gorus yolunun Şuşa istiqamətində keçirilən ekoaksiya Zəngəzur dəhlizi məsələsinə diqqəti cəlb etməlidir:

“Çünki ekoaksiya praktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərindən kənar inkişaf etdi. Cürbəcür təşkilatlar, vətəndaş cəmiyyəti qurumlar, beynəlxalq institutlar bununla bağlı bəyanatlar verir. Beləcə ekoaksiya istər-istəməz diqqəti cəlb edir. Məncə, bu aksiya Zəngəzur dəhlizinə təsirsiz ötüşməyəcək”.

Azad İsazadə bildirir ki, Zəngəzur dəhlizi gec-tez açılacaq və Ermənistan tərəfinin bunu yubatmasına heç bir əsas yoxdur.

Onun sözlərinə görə, indi bu dəhlizin açılması məsələsində söhbət yalnız vaxtdan gedə bilər:

“Ermənistan maksimum çalışacaq ki, prosesi gecikdirsinlər. Amma sonda dəhlizi açmağa məcbur olacaq. Hazırda Azərbaycan bunun üçün pressinqlər edir Üstəlik üçtərəfli sazişdə də dəhlizin açılması məsələsi var. Hesab edirəm ki, Ermənistan sona qədər bundan qaça bilməz”.


Müəllif: Nemət

Oxşar xəbərlər