28 Mart 2023 15:27
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlbəttə ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən zaman deyib.

Prezident qeyd edib ki, ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir:

“Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır. Əminəm ki, öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlər, bax, bu amalla yaşayacaqlar. Dövlət orqanları onlara kömək etməlidir və nəzarət etməlidir ki, hər şey qayda-qanunla həll olunsun, tənzimlənsin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər