24 Aprel 2023 11:31
3 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağlı ermənilərin silahlı təxribatlarının hazırlanmasından, onlara silah-sursat daşınmasından rusiyalı sülhməramlıların nəinki xəbəri var, onlar bu prosesdə bilavasitə iştirak edirlər”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmizin qurulmasının bir sıra mühüm problemlərin həlli baxımından önəmli olduğunu bildirib:

“Qarabağdakı separatçıların bütün ümidləri puç oldu. Həkəri çayı üzərindəki körpüdə sərhəd-buraxılışı məntəqəsinin inşası ilk baxışdan kiçik hadisə təsiri bağışlaya bilər, amma belə deyil. Həmin məntəqə “nəzarət-buraxılış məntəqəsi” (NBM) yox, məhz sərhəd-buraxılış məntəqəsi (SBM) funksiyasını yerinə yetirəcək. Yəni orada sərhədçilər, Milli Ordunun mənsubları və polislər olacaq.

SBM avtomatik və aksiomatik olaraq gömrük postunun yaradılmasını da ehtiva edir. Laçın-Xankəndi yoluna torpaq yollar və cığırlarla çıxmağa, silah-sursat və mina daşımağa çalışan, habelə səngərlərə və uzunmüddətli müdafiə mövqelərinə (postlara) təminat aparmağa can atan ermənilər SBM-dən keçmədikləri üçün legitim hərbi hədəfə çevrilirlər.

Yəni indiyədək onları obyektiv müşahidə vasitələri (OMV) ilə müşahidə edib videoqeydə alırdıqsa, indi bəhs etdiyim zəruri və ilkin prosedurlardan sonra həmin hədəfləri tam legitim olaraq zərərsizləşdirə bilərik, edəcəyik də.

44 günlük İkinci Qarabağ Müharibəsində qalib ölkə olmağımıza rəğmən, hələ də məğlub ölkə ilə - Ermənistanla sülh danışıqları aparır, yekun sülh sazişini imzalamaq üçün səbirlə davranırıq. Kapitulyasiya etmiş Ermənistan isə günbəgün aqressivləşir. Səbrimiz sonsuz deyil və tükənir”.

Rusiyanın sülhməramlı kontingentinə (RSK) gəldikdə, Elçin Alıoğlu qeyd edib k, Moskva qarabağlı separatçıları həmişə himayə edib, bundan sonra da edəcək:

“Qarabağlı ermənilərin silahlı təxribatlarının hazırlanmasından, onlara silah-sursat daşınmasından rusiyalı sülhməramlıların nəinki xəbəri var, onlar bu prosesdə bilavasitə iştirak edirlər.

Moskvanın məqsədi primitivdir: sülhməramlıların indi nəzarət etdiyi arealda silahlı separatçılar olmasa, rusiyalı hərbçilərin bölgədə qalmasına da zərurət qalmayacaq. Amma Rusiya və Ermənistan bir məsələni dərk etmək istəmir: Zəngəzur dəhlizi yoxdursa, Laçın yolu da olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər