"Mövcud şəraitdə Qarabağda (Xankəndidə) istənilən hakimiyyət dəyişikliyi vəziyyəti daha da fəlakətli edəcək".
Teleqraf.com xəbər verir ki, bunu erməni mətbuatına açıqlamasında rusiyalı tarixçi Modest Kolerov deyib .
Onun sözlərinə görə, Bakı Xankəndidəki istənilən hakimiyyəti qəbul etməyəcək: "Hazırda Xankəndidə hakimiyyətin faktiki təhvil-təslimi gedir və Araik Arutyunyan bu təhvil-təslimlə məşğuldur. Ermənistanın bu prosesə mane olmaq üçün aləti yoxdur. 2020-ci ildə Arutyunyanın iki ildən sonra gedəcəyini gözləyirdim. Məhz belə də oldu. Bakı Qarabağda hansısa seçkinin keçirilməsinə imkan verməyəcək”.
Tarixçi qeyd edib ki, Arutyunyanın istefası 1917-ci ildə Rusiya hökmdarı II Nikolayın taxtdan imtinasına bənzəyir: "Bu, "DQR"in Arutyunyan tərəfindən qətlidir. Bu intihardır. Ondan sonra istənilən məmur sadəcə ləğvetmə işlərilə məşğul olacaq”.
Kolerov əmindir ki, bir müddət sonra əsas məsələ Qarabağdan 100 mindən çox insanın təxliyəsi olacaq.
"Qarabağı Bakının nəzarətindən kənarda saxlamaq imkanları yoxdur. Ermənistan imtina etdi, Arayik imtina etdi, orada kommunikasiya yoxdur, Rusiya Ukraynada məşğuldur, Fransanın nəyəsə təsir etmək cəhdləri gülüncdür”, - deyə o, qeyd edib.
Tarixçi eyni zamanda qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağda qalmaq şansı yoxdur: "Əgər Ukrayna təslim olarsa, Rusiya Qafqazda mövqeyini gücləndirəcək. Bu baş vermir, gələn il də olmayacaq. Bu vəziyyətdə Paşinyanın nəyə sevindiyi bəlli deyil. Niyə Ukraynada Rusiyaya dəstək vermir? O, başa düşmür ki, Rusiya Ukrayna ilə nə qədər çox məşğul olsa, Qarabağ və Ermənistan üçün bir o qədər pisdir? Rusiyanın Ermənistanda hərbi mövcudluğu çoxdan mənasızdır, çünki Rusiyanın Zaqafqaziyada maraqları Abxaziya və Cənubi Osetiyadakı rus hərbi bazaları tərəfindən tam təmin edilir. Rusiyanın Gümrü və Erebuni bazaları təcrid olunub, mühasirəyə alınıb və Ermənistandan qeyri-dost siyasi mühitdədir. Onlar çoxdan mənasızdırlar, Rusiyanın maraqlarını qorumurlar, amma Paşinyanın əlində girovdurlar. Onların Ermənistan ərazisindən çıxarılması qaçılmazdır”.
Onun sözlərinə görə, bu hadisələrdən sonra Türkiyənin nüfuzunun mümkün güclənməsi Rusiya üçün təhlükə yaratmır. “İqtisadi baxımdan Türkiyə çoxdan Ermənistandadır, qatar artıq yola düşüb. Hərbi-siyasi təsirə gəlincə, Ermənistan NATO-ya üz tutur. Beləliklə, Ermənistan Türkiyə timsalında NATO müttəfiqi olacaq. Fransanın fəaliyyətinə gəlincə, o, ancaq özünü böyük dövlət kimi qələmə verir. Bu ölkənin prezidenti hətta öz yerində, Parisdə də vəziyyəti qaydaya salmaq, iğtişaşlarla məşğul olmaq iqtidarında deyil. O, Zaqafqaziyada nə edə bilər? Heç nə”.