13 İyun 12:56
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni reallığında “Qarabağın öz müqəddəratını təyinetmə və ya statusu” anlayışı yanlış anlaşılırdı.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə deyib.

Baş nazir 1996-cı ildə Lissabonda ATƏT-in zirvə toplantısının yekunlarına dair qəbul edilmiş bəyanatı oxuyub və qeyd edib ki, sənəddə Qarabağın Azərbaycan ərazisi olduğu bir daha öz təsdiqini tapıb. Paşinyan vurğulayıb ki, sözügedən bəyanatda Qarabağ ermənilərinə yalnız Azərbaycan daxilində statusun verilməsi məsələsi yer alıb.

Ermənistan rəhbəri söyləyib ki, sənəddə münaqişə Azərbaycanın ərazi bütövlüyü məsələsinin həlli kontekstində nəzərdən keçilib.

“Bu və ya digər məqamlar o demək idi ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olmalıdır, amma erməni reallığında bütün bunlar düzgün başa düşülmürdü. Çünki erməni ictimaiyyətinin 1996-cı ildə qəbul edilmiş Lissabon sənədinə çıxışı yox, o zaman internet də yoxuydu”, - Paşinyan əlavə edib.

Baş nazirin fikrincə, Ermənistanın klerikal-feodal elitası hakimiyyəti ələ keçirmək və saxlamaq üçün Ermənistan xalqını aldadıb və çaşdırıb: “Bu, Qarabağla bağlı bütün həqiqətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər