Martın 13-də “CinemaPlus” kinoteatrlar şəbəkəsində Azərbaycan istehsalı olan “Güc sahibi” adlı mistik trillerin nümayişi olacaq. Maraqlısı budur ki, rejissor tərəfindən film “ilk mistik triller” kimi təqdim olunur. Ancaq bildiyiniz kimi, Azərbaycanda bu janrda kinoteatrlarda nümayiş olunan ilk film gənc rejissor Elvin Abdullanın “Xənnas” filmi olub.
Teleqraf.com məsələylə bağlı hər iki filmin rejissorunun fikrini öyrənib.
“Güc sahibi” filminin rejissoru Nərgiz Mahmudzadə Teleqraf.com-a açıqlamasında bildirdi ki, mistik triller janrında ilk filmi o çəkib:
“İlk mistik triller janrında filmi 2015-ci ildə mən çəkmişəm. Bu, nazirlik tərəfindən də qeydiyyata alınıb. Çəkiliş prosesindən şəkillər də var, sənəd də var. Sadəcə, müəyyən problemlərə görə filmimizin təqdimatı bu qədər uzandı. Eşidəndə ki, kimlərsə ilk mistik triller adı altında film çəkir, mən səsimi çıxartmadım. Çünki qalmaqalları sevmirəm, paxıl insan deyiləm. Ətrafımdakı insanlar və Allah bilir, kifayət edər”.
“Xənnas” filminin rejissoru Elvin Abdulla isə öz filmindən başqa mistik triller janrında çəkilmiş hər hansı bir filmdən xəbərsiz olduğunu deyib:
“O filmin qeydiyyatdan nə zaman keçdiyi haqda məlumatım yox idi. Çünki bu işlər qala gecəsindən 2-3 gün əvvəl, ən geci də qala günü olur. Ola bilər ki, onlar bizdən qabaq qeydiyyatdan keçiblər. Ancaq rəsmi olaraq tamaşaçılara təqdim olunan ilk mistik triller “Xənnas” filmidir. Bunu danmaq, inkar etmək mümkün deyil. Söhbət hansı filmin ilk olub-olmamağından getmir. Məsələ budur ki, “Xənnas” filmini ilk mistik triller adı altında biz reklam edib, tamaşaçılara təqdim etmişik. Təkcə reklama 35 min manat pul xərcləmişik. 3500 dollar sosial şəbəkələr üzərindən reklama pul sərf etmişik. İnsanların yaddaşına həkk olundu ki, ilk mistik triller “Xənnas”dır. Onsuz da onların PR işləri çox zəifdir. Niyə bunu sırf ilk mistik triller adı altında təqdim edirlər ki? Bu söz-söhbətlərə baxmayaraq, sabah qala gecəsində iştirak edib, orada xeyir-dua verəcəyəm”.