Bu gün İsrailin Azərbaycanda səfirliyi var, vaxt yetişəcək, zaman tələb edəcək Azərbaycan Prezidenti İlham Əliyev İsrailə səfir göndərəcək. Azərbaycanın İsraildə səfirlik açması qərarı Azərbaycan prezidentinin səlahiyyətinə daxil olan məsələdir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Azərbaycanla İsrailin hərbi sahədə yüksək əməkdaşlığına rəğmən, Tel-Əvivdə səfirliyin olmaması məsələsini şərh edərkən deyib.
Onun fikrincə, səfirliyin olmaması məsələsinin müzakirəsi parlament nümayəndəsinin işi deyil: “Biz deputatlar səfirliyin açılmasının əhəmiyyətindən danışa bilərik. Azərbaycan Konstitusiyası hər hansı ölkədə diplomatik korpusun açılması səlahiyyətini yalnız ölkə başçısına verir. Səfirliyin gec açılması məsələsini müzakirə obyektinə çevirə bilmərik, buna səlahiyyətimiz çatmır. Səfirliyin açılmasını ən çox istəyən mənəm. Səfirlik açılsaydı, mənim də işim yüngülləşərdi. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm, bir sıra məsələlərin həlli, o cümlədən bu dostluğun daha da dərinləşməsində səfirliyin açılmasını vacib sayıram”.