Xarici İşlər naziri Elmar Məmmədyarov Efiopiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər naziri Vorkene Qebeyehu ilə görüşüb.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərin son illər inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb. Bu xüsusda, V.Qebeyehu E.Məmmədyarovun Efiopiyaya səfərini yüksək qiymətləndirib və iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətinə toxunub.
E.Məmmədyarov V.Qebeyehunu Azərbaycana rəsmi səfərə dəvət edib. Nazir dəvəti qəbul edib.
Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar. Eyni zamanda, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib və iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə oxşar mövqedən çıxış etdiyini bildiriblər.
Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə nəzər salıblar. Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes forumlarının keçirilməsinə dair razılıq ifadə olunub.
E.Məmmədyarov Azərbaycandan Cibutiyə və digər Afrika ölkələrinə hava yolu ilə yüklərin daşındığını, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarını qeyd edərək iki ölkə arasında nəqliyyat və logistika sahəsində də əməkdaşlıq üçün potensialın olduğunu nəzərə çatdırıb.
Həmçinin, nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər efiopiyalı tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldığını qeyd edərək, bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
E.Məmmədyarov həmkarına Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, Azərbaycanın beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli istiqamətində atdığı addımlar barəsində məlumat verib.
Görüş əsnasında nazirlər “Azərbaycan Xarici İşlər Nazirliyi və Efiopiya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar.
Görüşdən sonra E.Məmmədyarov Efiopiyaya səfər və keçirilmiş görüşlər haqqında Efiopiya KİV-nin suallarını cavablandırıb.