Bizim milli mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, milli ideologiyamız – bütün bunlar bizim dəyərləri təbliğ edir və biz həmişə öz mənəvi köklərimizə bağlı olmalıyıq. Gənclik müdafiə olunmalıdır. Lakin o özü kənar təsirlərdən müdafiə olunmalıdır.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində belə deyib.
Azərbaycan Prezidentinin sözlərinə görə, müstəqilliyin ilk illərində çoxları düşünürdü ki, kimsə gələcək, necə yaşamaq lazım olduğunu bizə göstərəcək, bizə kömək edəcək:
"O vaxt belə ələbaxımlıq hissi yaranmışdı. Lakin sonra anladıq ki, bizim taleyimiz öz əlimizdədir. Bu gün kimsə bizə təkidlə müəyyən kömək göstərmək istəyəndə biz buna həmişə kifayət qədər şübhə ilə yanaşırıq. Buna görə gənclər anlamalıdırlar ki, Azərbaycanın gələcəyi azərbaycanlıların özlərinin, Azərbaycan vətəndaşlarının əlindədir. Gənclər müəyyən ideoloji təsirləri qiymətləndirərkən çox diqqətli olmalıdırlar. Başqa sözlə desək, gəncliyi kənar mənfi təsirdən qorumaq, mənim fikrimcə, bizim ideoloji işimizin başlıca istiqamətlərindən biridir. Eyni zamanda, bizim gənclik, əlbəttə, dünyaya, ən müasir, ən mütərəqqi dəyərlərin hamısına açıq olmalıdır. Ümumiyyətlə, qısaca desək, bizim idarəçilik formulumuz ondan ibarətdir ki, dövlət çox möhkəm ənənəvi köklərə əsaslanır. Azərbaycan xalqı bu ənənəvi dəyərlərlə yaşayıb, yaşayır və yaşayacaqdır. Biz ənənələrimizə, mədəniyyətimizə, dilimizə, dünyabaxışımıza sadiq olmalıyıq. Eyni zamanda, biz ölkəmizi modernləşdirmək, onun potensialını artırmaq, cəmiyyətimizin dünyəvi xarakterini möhkəmlətmək və bununla da fasiləsiz inkişafı təmin etmək üçün bütün ən yaxşı, mütərəqqi dəyərləri qəbul etməliyik. Biz ideal halda bu mənzərəni görmək istərdik. Biz buna çox cəhətdən nail olmuşuq, gələcəyin gəncləri isə öz fəaliyyətlərini məhz bu istiqamətdə qurmalıdırlar".