ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar noyabradək davam edəcək. Noyabrdan sonra atılacaq addımlar ABŞ – İran münasibətlərini tənzimləyə bilər. Amma indiki münasibətlər o ehtimalı yaradır ki, ABŞ Prezidenti Donald Trampın taktikası münasibətləri həddindən artıq gərginləşdirib və bunu sonradan idarə etmək də çətin olacaq.
Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan belə deyib.
Politoloq Rusiyanı misal çəkib və qeyd edib ki, ABŞ Rusiya ilə münasibətləri gərginləşdirdi və Moskva Vaşinqtonun qapısını tez döyməyəcə məcbur oldu:
“Buna görə də, düşünürəm ki, ABŞ – İran gərginliyi də payızadək yüksələn xətt üzrə davam edəcək.
Artıq digər dövlətlər də İrana qarşı sanksiyalara qoşulurlar. Avropanın enerji nəhəngi “Total” İranla imzalanmış müqavilələrdən çıxacağını, Yaponiya İrandan neft alışını dayandırdığını elan edib. Digər yandan, Yaponiyanın nəhəng bankları əməkdaşlığı dayandırdıqlarını bildiriblər. Türkiyənin neft şirkəti (TÜPRAŞ) İrandan neft idxalını azaltdığını bildirib. Yəni, İrana qarşı sanksiyalara qoşulanların sayı artır. Britaniyanın Baş naziri Tereza Mey və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşdə də İrana qarşı təzyiqlərin sərtləşdirilməsinə dair anlaşma əldə olunub. Bu, İrana qarşı təzyiqlərin daha da sərtləşəcəyini deməyə əsas verir”.
Tərəflər arasında güclənən informasiya müharibəsinin silahlı qarşıdurma keçmək ehtimalını qiymətləndirən Sədrəddin Soltan hesab edir ki, bu məsələnin hərbi yolla həll ediləcəyi ağılabatan deyil:
“Çünki İran Amerika üçün Suriya, yaxud İraq deyil. İran bir çox dövlətlərin daxili işlərinə qarışmaqla öz gücünü göstərə bilir. Buna görə də ABŞ-ın İranla açıq qarşıdurmaya gedəcəyi inandırıcı görünmür. Amma hesab edirəm ki, iqtisadi sanksiyalarla İran daxilində sosial etirazlar yaratmaq mümkündür. Bu təcrübə əvvəllər də, özünü təsdiq edib.
Bundan başqa, ABŞ Dövlət katibi Mayk Pompeo bildirdi ki, İranın neft ixracının həcmini sıfıra endirəcəklər. Hesab edirəm ki, ABŞ və İran arasındakı əsas savaş budur. İranın xaricə axan neftinin kranlarının bağlanması, İrana silahlı müharibə etməkdən daha dəhşətlidir. Bu, İranda hakimiyyətdaxili çəkişmələrə və sosial etirazlara səbəb ola bilər. Bu yolla ABŞ, yaxud Qərb İranla bağlı bir sıra məqsədlərinə nail ol bilər. Buna görə də düşünürəm ki, ABŞ İranı dizə gətirmək üçün “neft dəyənəyi”ndən maksimum şəkildə istifadə edəcək”.