ABŞ Prezidenti Donald Trampın xarici siyasət kursunda əsas xətt təzyiq və basqılar etmək, qorxutmaq, daha sonra istədiyinə nail olmaqdır. Tramp İranla bağlı bu siyasəti aparır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu hesab edir ki, ABŞ-ın İranla bağlı qərarlarını sadəcə təzyiq vasitəsi kimi başa düşmək lazımdır:
“Düşünmürəm ki, Amerika müharibəyə başlayacaq. Münasibətlər müharibə həddinə gedib çıxmayacaq. Ən yaxşı halda tərəflər arasında razılaşma əldə olunacaq. Üstəlik indiki proses – ABŞ-ın addımları, İranı blokadaya almaq istəkləri müsbət qarşılanmır. Məsələn, Türkiyə, Rusiya, Avropa Birliyi ölkələri və Çin Amerikanın həyata keçirmək istədiyi blokada iştirak etmək niyyətində deyil”.
ADP sədri İranda hakimiyyət dəyişikliyi ehtimalını da mümkün saymır: “Müəyyən islahatlar gözləmək olar. Ancaq indiki hakimiyyətin dəyişikliyi mümkün deyil. Çünki İranda hakimiyyəti ələ almağa hazır qüvvə yoxdur”.