Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək. İqtisadi, enerji təhlükəsizliyi, regional təhlükəsizlik və digər məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.
Teleqraf.com-a açıqlamasında deputat Elman Nəsirli belə deyib.
Deputatın sözlərinə görə, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin tənzimlənməsi məsələsi də səfərdə diqqət mərkəzində saxlanılacaq:
“Azərbaycan-Rusiya münasibətləri, xüsusilə də iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edib. Qarşılıqlı investisiya qoyuluşu məsələsində də münasibətlər inkişaf tempinə malikdir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollar həcmində investisiya qoyub, Rusiyanın isə Azərbaycanda 3 milyard dollar investisiyası var.
Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı təxminən 10.5 faizdir. Bu baxımdan, Rusiya İtaliya və Türkiyə ilə yanaşı, Azərbaycanın ən mühüm iqtisadi partnyoru hesab olunur.
Hazırda Azərbaycanda 30-a yaxın Rusiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda, bizim humanitar və təhsil sahələrində əlaqələrimiz inkişaf edir. Bu gün Rusiyanın ali məktəblərində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
Hesab edirəm ki, humanitar sahədə Rusiya və Azərbaycan arasında inkişaf etmiş əlaqələr var. 2010-cu ildə Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə Rusiya-Azərbaycan forumu baş tutdu. Beynəlxalq Bakı Humanitar Forumu da keçirilir, bunlar da onu göstərir ki, münasibətlərin inkişaf etdirilməsinin geniş perspektivləri var”.
Elman Nəsirli bildirib ki, münasibətlərin şaxələndirilməsi, yaxud inkişaf etdirilməsi üçün böyük potensial var: “Tərəflər arasında normal siyasi dialoqlar baş tutur. Mütəmadi olaraq Rusiya və Azərbaycan prezidentləri qarşılıqlı şəkildə rəsmi və işgüzar səfərlər həyata keçirirlər. Hesab edirəm ki, avqustun 12-də Xəzər dənizin hüquqi statusuna dair konvensiyanın imzalanmasında Azərbaycan və Rusiya prezidentlərinin müstəsna xidmətləri olub.
Digər yandan, Moskvada onu da unutmurlar ki, Azərbaycan heç vaxt Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar və təzyiqlərə qoşulmayıb. Azərbaycan müstəqil və milli maraqlarına uyğun siyasət yürüdür. İşğalçı Ermənistan istisna olmaqla, qonşu ölkələrlə dostluq münasibətlərinin inkişaf etdirilməsi milli maraqlarda özünü ehtiva edir”.
Deputat hesab edir ki, səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müzakirələr aparılacaq: “Bu müzakirələr əvvəlkilərdən fərqli olacaq. Çünki Ermənistanın yeni rəhbərliyinin xarici və daxili siyasətinə Moskvada birmənalı münasibət yoxdur, böyük narazılıqla qarşılanır.
Keçmiş prezident Robert Köçəryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi Moskvanın narazılığına səbəb oldu. Buna görə də, KTMT-yə sədrliyin Ermənistandan alınıb Belarusa verilməsi məsələsi müzakirə edilir. Baş nazir Nikol Paşinyanın təyin etdiyi nazirlərin əksəriyyətinin anti-Rusiya mövqeyində olması da diqqətdən yayınmır.
Bu reallıqlar fonunda Azərbaycan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi gözlənilir. Düşünürəm ki, bu səfər çərçivəsində Rusiya-Azərbaycan münasibətlərinin hərbi təhlükəsizlik və hərbi texniki əməkdaşlıq kimi məqamlar da nəzərdən keçiriləcək”.