11 Dekabr 2018 09:35
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmişə olduğu kimi, Ermənistanda bu seçkilər də böyük saxtakarlıqla keçirildi. Beynəlxalq müşahidəçilər isə həmişə olduğu kimi, bu saxtakarlığa da göz yumdular, bəh-bəh dedilər”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki,ikili standartların quyruğu burda görünür:

“Həmişə Azərbaycanın gözündə tük axtarırlar. Ancaq Ermənistanın gözündəki o yekə tiri görmürlər, kordurlar. Digər tərəfdən Ermənistanda seçkidəki saxtakarlıqla bağlı bir neçə məqama toxunmaq istərdim. Baxın, Ermənistanın özünün statistikasına görə, son 20-25 il ərzində ölkədə miqrasiyanın səviyyəsi ən yüksək həddə olub. İldə 30-40 min erməni ölkədən baş götürüb gedib.

Bu gün Ermənistanda əhalinin real sayı 2 milyona yaxındır. Ancaq Ermənistan Mərkəzi Seçki Komissiyası seçkidən bir gün öncə bəyan etdi ki, qeydə alınmış seçicilərin sayı 2,5 milyondan artıqdır. Yaxşı, burda heç 2 milyon əhali yaşamırsa, necə olur ki, seçicilərin sayı real əhalinin sayından daha çox olur?

20-25 il öncə Ermənistandan köçüb getmiş, ölkədə yaşamayanların hamısının adını seçici siyahısına daxil ediblər. Ona görə də burada saxtakarlığın olması "iki vur iki"dir”.

E.Məmmədov daha sonra deyib:

“Mən uzun illərdir seçki prosesi ilə məşğul oluram. Adətən, seçkidə seçici fəallığı günortayadək olur. Ermənistan MSK-sı günortayadək məlumat verdi ki, seçici fəallığı 7 faizdir. Bəs necə oldu ki, günortadan sonra bu rəqəm gəlib hardasa 50 faizə yaxınlaşdı? Yəni, saysız-hesabsız saxtakarlıq var idi”.

Milli Məclisin deputatı əlavə edib ki, maraqlı məqam beynəlxalq təşkilatların buna göz yummasıdır:

“Bir il öncə böyük səsçoxluğu ilə qalib gələn Respublika Partiyası bu gün baryeri aşa bilmədi. Bu da saxtakarlıqdan, qeyri-qanuni hərəkətlərdən xəbər verir.

Digər tərəfdən bu gün erməni xalqı bütün siyasi rəhbərlərindən ümidini üzüb. Onların xalq arasında etimadı qalmayıb. Bax seçici fəallığının aşağı səviyyədə olması da buna görə idi. Bu gün erməni xalqını düşündürən bir məsələ var: biz sabah çörək tapıb yeyə biləcəyikmi? Bu sosial problemlərimiz həll olunacaqmı?

İndi Paşinyana səs verən o 5-10 nəfər də ümidsizdir. Onlar da artıq başa düşürlər ki, Paşinyan son 5-6 ayda küçə mitinqlərində söz verdiklərinin heç birini yerinə yetirmək iqtidarında deyil”.

E.Məmmədov qeyd edib ki, Paşinyan siyasi hakimiyyətdə qalmaq və uğurlu siyasi lider olmaq istəyirsə, Ermənistanı və erməni xalqını düşdüyü bu çətin vəziyyətdən, iqtisadi və siyasi böhrandan çıxarmaq istəyirsə, qonşularla mehriban əməkdaşlıq, dostluq münasibətlərini təmin etməli, yəni işğalçılıq siyasətindən əl çəkməlidir.


Müəllif: Səxavət Həmid