Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında Ermənistanı strateji müttəfiq adlandırması və iki ölkə arasında heç bir problemin olmadığını qeyd etməsi Nikol Paşinyana mesajdır. Çünki Paşinyanın əsas siyasi planı ölkəsini Rusiyanın siyasi orbitindən çıxarmaq və Qərbə interqasiya siyasəti başlatmaqdır. Putin bununla demək istəyir ki, Ermənistan siyasətindən geri çəkilməyəcək və istənilən variantla İrəvanı öz orbitində saxlamağa çalışacaq.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Rusiya ilə Ermənistan arasında V.Putinin dediklərinin fərqli proseslər yaşanır. Rusiya rəsmlərinin Paşinyana münasibətdə sərt ritorika da məhz buna əsaslanır:
“Ermənistanın hazırkı rəhbərliyi Kremlin təzyiqlərinə rəğmən Rusiya yönümlü siyasət aparmayacaq. Bu da Rusiyanın bu ölkəyə təzyiqlərinin artmasına gətirəcək. Yeni ildən başlayaraq “Qazprom”un Ermənistana sərhəddə satdığı qazın qiymətini 150 dollardan 250 dollara qaldıracağı mesajı verilir. Bu, Paşinyan iqtidarına Rusiyanın təzyiqlərinin başlaması deməkdir.
Rusiya Ermənistana ona görə daxili bazar qiymətinə qaz satırdı ki, bu ölkə Rusiyanın forpostu olaraq Kremlin siyasi orbitində idi. İndi isə Paşinyan bu orbitdən çıxmağa can atır. Əgər Paşinyan anti-rusiya siyasəti aparacaqsa, təbii ki, Rusiya Ermənistana əvvəlki qiymətə qaz satmayacaq”.
M.Əsədullazadə onu da bildirib ki, Rusiya daim enerjidən siyasi məqsədlər üçün istifadə edib:
“Bu, Rusiyanın dövlət siyasətidir. Rusiyanın qazın qiymətini qaldırması Ermənistanda Paşinyan əleyhinə daxili etirazlara gətirib çıxaracaq. Çünki qazın qiymətnin qalxması yerli istehlakçıların daha çox vəsait ödəməsini şərtləndirəcək. Yoxsul Ermənistan əhalisinin bu qiymətlərlə mavi yanacağa ödəniş etməsi mümkün görünmür. Bu da Paşinyanın sosial siyasətinin fiaskosu kimi qiymətləndiriləcək”.