V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox yüksək dəyərləndirilməli olan mötəbər toplantıdır. Əminəm ki, forumda iştirak edən dünyanın 100-dən çox ölkəsindən olan 500-dən çox nümayəndə də bu fikirdədir. Forum ilk dəfə 2011-ci il 7-9 aprel tarixində keçirilib və Azərbaycan Prezidentinin həmin ilin 27 may tarixli fərmanı ilə forumun hər iki ildən bir təşkil olunması, forumun təşkili üzrə əlaqələndirici qurumun Mədəniyyət Nazirliyi olması müəyyən edilib. Sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin yaranmasının 11-ci ilində də Azərbaycan dünyada yeganə ölkədir ki, bəşəriyyəti multikulturalizm və mədəniyyətlərarası dialoqa səsləyir. Baxmayaraq ki, dünyada böyük güc mərkəzi olan ölkələr var, amma onların heç biri dünyanı dialoqa, tolerant mövqedən çıxış etməyə səsləmir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, forumun iştirakçısı Azər Badamov deyib.
O qeyd edib ki, həmin ölkələrdən fərqli olaraq, Azərbaycanın torpaqları işğal altında olsa da, dünyanı Bakıda bir araya dəvət edir, onları dialoq qurmağa, dünyanın gələcəyi naminə danışıqlar aparmağa və düzgün qərarlar qəbul etməyə çağırır:
“Forumda ölkə başçımızın çıxışında həm dünyada baş verən hadisələrə münasibət açıqlandı, həm də torpaqlarımızın işğal altında qalması ilə bağlı fikirlər səsləndirildi. Bununla yanaşı bir çox çıxışlar oldu. BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos, Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin dünyanı narahat edən məsələlərlə bağlı öz fikirlərini açıqladılar. Bütün çıxışların ana xəttini dünyanı dialoqa çağırmaq təşkil edirdi”.
A.Badamov xatırladıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilir:
“Göründüyü kimi, forumun mövzusu özü də insanları dialoqa çağırır. Bu mövzuda əksini tapan çağırışlar hazırda dünyanı narahat edən əsas məsələlərdir. Bu gün dünyanın müxtəlif nöqtələrində sivilizasiyaların toqquşması baş verməkdədir. Bir neçə həftə öncə Şri-Lankada kilsədə törədilən qətliam, ondan öncə Yeni Zelandiyada məsciddə ibadət edən insanların gülləbaran edilməsi, Hindistanın Pakistana məxsus müqəddəs Cəmmu və Kəşmiri işğal altında saxlaması, İraqda, Suriyada baş verən hadisələr, Fransada yaşanan olaylar forumda müzakirə olundu. Forumda qaldırılan əsəs məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilməməsi ilə bağlı oldu. Yüksək səviyyəli toplantıda çox maraqlı müzakirələr aparıldı və düşünürəm ki, Bakıdan edilən çağırışlar dünyada eşidiləcək və dünyanın güc mərkəzləri də dialoq çağırışına cavab verəcək, dünyada sülh və sabitliyin, əmin-amanlığın təmin edilməsi sahəsində bərabər yanaşmanın ortaya qoyulması istiqamətində müəyyən addımlar atılacaq”.