Böyük Britaniya XİN-in Azərbaycanla bağlı açıqlaması heyrət, təəccüb və təəssüf doğurur. Başdan-başa iftira, böhtanla dolu olan bu açıqlamada bircə normal, məntiqəuyğun söz tapmaq mümkün deyil.
Bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Böyük Britaniya XİN-in Azərbaycanla bağlı açıqlaması haqda danışarkən deyib.
O bildirib ki, sözügedən açıqlamanın necə absurd olduğunu Bakıda terakt təhlükəsinin olması iddiası sübut edir:
“Son illərdə dünyanın bir çox ölkəsində, eləcə də Britaniyanın paytaxtı Londonda terror hücumları həyata keçirilsə də, Azərbaycanda heç bir terror aktı baş verməyib. Azərbaycan ərazisində yalnız 90-cı illərdə ermənilər müəyyən terrorlar həyata keçirdilər ki, bu da həmin dövrdə olan siyasi gərginlikdən qaynaqlanırdı. Son 25 ilə yaxın müddətdə heç bir terror hadisəsindən, kütləvi iğtişaşdan söhbət belə gedə bilməz. Azərbaycanda olan sabitlik və təhlükəsizliyi Britaniya XİN-i bilmirmi? Bəs, BP bu uzun illər ərzində Bakıda necə işləyib? İllərdir bu ölkənin böyük şirkətləri Azərbaycanda heç bir problem yaşamadan çalışır, fəaliyyət göstərir. Məgər, Britaniya XİN-i bundan xəbərsizdir?”
A.Camalqızı qeyd edib ki, Britaniya XİN-in Azərbaycanda rüşvətlə bağlı xəbərdarlığı artıq bəyanatın özünü gülməli hala salır:
“Təbii, dünyanın heç bir ölkəsi deyə bilməz ki, onlarda rüşvət yoxdur. Əgər Britaniya tərəfi Azərbaycanda rüşvət olmasını qabartmaq istəyirsə, çox uğursuz bir məqam seçib. O baxımdan ki, Avropa Liqasının finalına görə ölkəmizə gələn əcnəbilərin burada rüşvət alıb-verməsi ehtimalı yoxdur. Yəni onlar gəlib, oyuna baxıb, vətənlərinə qayıdacaqlar. Buna görə də vətəndaşlarına xitabən “çalışın, rüşvət verməyin” sözləri artıq bu bəyanatın qeyri-ciddiliyini, tez-tələsik, qeyri-peşəkar və qeyri-diplomatik hazırlandığını çılpaqlığı ilə ortaya qoyur”.
Britaniya XİN-in Azərbaycanda cinayətkarlıqla mübarizənin səviyyəsinin çox aşağı olması iddiası haqda da danışan Aynur Camalqızı ölkəmizin “qırmızı siyahı”da olduğunu xatırladıb:
“Bu gün Avropanın böyük ölkələrində kriminal qruplaşmaların, mafiyaların söz sahibi olduğu bir vaxtda Azərbaycanda nəinki hansısa kriminal qruplaşmadan, hətta kriminal aləmin üzvü olan hansısa şəxsin aktiv fəaliyyətindən belə söhbət gedə bilməz. Bunun nəticəsidir ki, qanuni oğrular birmənalı şəkildə Azərbaycanı tərk edib, qonşu ölkələrə qaçırlar.
Avropa ölkələri bu qruplaşmalara qarşı hələ də əsaslı tədbir görə, onları çökdürə bilmir. Lakin Azərbaycan hələ ötən əsrin 90-cı illərində sözügedən cinayət şəbəkələrinə qarşı əməliyyat keçirdi və onları aradan qaldırdı. Həmin dövlət siyasəti bugünkü gündə də davam edir”.
Əməkdar jurnalist onu da bildirib ki, Britaniya XİN-in açıqlaması Azərbaycan XİN üçün bir siqnaldır:
“Bəlkə, təbliğatı daha da gücləndirməliyik? Hesab edirəm ki, Britaniya XİN-in bəyanatı bizə növbəti siqnal oldu. Çünki hər dəfə ölkəmizdə keçirilən beynəlxalq, mötəbər tədbir öncəsi belə qarayaxma kampaniyası başlayır. Biz artıq buna hazır olmalı, əvvəzlcədən tədbir görməli, xüsusilə belə mötəbər yarışlar öncəsi təbliğatı genişləndirməliyik”.
A.Camalqızının sözlərinə görə, “Arsenal” klubunun baş məşqçisi Unay Emerinin Ermənistan-Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu deməsi ciddi suallar yaradır:
“Əvvəla, bu o “Arsenal”dır ki, bir neçə ay əvvəl paytaxt Bakıda qonaq olub və məhz “Qarabağ” klubu ilə qarşılaşıb, heç bir problem, maneə yaşamadan Londona qayıdıb. Və həmin vaxt Azərbaycan Mxitaryanı Bakıya buraxmamışdı. Emeri Mxitaryanın Bakıya niyə buraxılmadığı faktını unudub? Nə tez? Doğrudanmı burda laqeydlik, unutqanlıq var, yoxsa bu açıqlama da Britaniya XİN-in qarayaxma kampaniyasının tərkib hissəsidir? Axı, bir baş məşqçi bir neçə ay əvvəlki oyunu və bu oyuna Mxitaryanın gedə bilməməsi səbəbini necə xatırlamaya bilər?
Digər tərəfdən, bu o “Arsenal”dır ki, Londonda “Qarabağ”la matçda stadionda təxribat oldu: azarkeşlərdən biri Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydançaya girdi və UEFA buna görə iş açdı. “Arsenal” bu faktı da unudub?”
A.Camalqızı deyib ki, Ermənistan-Azərbaycan münaqişəsindən xəbərsiz olduğunu iddia edən Unay Emerinin həmçinin Mxitaryanı Bakıya gətirməyə çalışacağıqlarını vurğulaması da diqqət çəkir:
“Halbuki bir neçə gün əvvəl Azərbaycan XİN və AFFA açıqlama yayaraq, Mxitaryanın Bakıya gəlməsində heç bir problem olmadığını, təhlükəsizliyə tam zəmanət verildiyini rəsmən açıqlayıb. Biz öz bəyanatınızı lazımi ünvana çatdıra bilməmişik, yoxsa Emeri özünü xəbərsiz kimi göstərir? Bu suala da AFFA və XİN aydınlıq gətirmək üçün mütləq araşdırma aparmalı, “Arsenal” rəhbərliyinə və Britaniya XİN-ə müraciət olunmalıdır”.
Aynur Camalqızı Britaniya XİN-in bu bəyanatının sözügedən dövlətin rəsmi mövqeyi olmadığına inandığını bildirib:
“Britaniya ilə Azərbaycan arasında önəmli razılaşmalar, sazişlər var. Düşünürəm ki, Britaniya XİN-in bu bəyanatı həmin nazirlikdəki hansısa qrupun, lobbinin təşəbbüsü ilə yayılıb. Çünki bəyanat mətnini oxuyanda burada öz vətəndaşını qorumaq yox, bir ölkəni ləkələmək cəhdləri aydın sezilir. Britaniya ilə Azərbaycan arasında isə hər hansı problem yaşanmır. Lakin biz boş durmamalıyıq. Həm dövlət, həm də vətəndaş olaraq ölkəmizə atılmış bu böhtanın yalan olmasını sübuta yetirməliyik”.