Artıq bir müddətdir ki, Qərbdəki ənənəvi anti-Azərbaycan dairələri ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Budəfəki qarayaxma kampaniyasına əsas səbəb mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunudur.
Bunu Teleqtraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, Azərbaycan son illərdə sürətlə inkişaf edərək bir sıra mühüm uğurlara imza atıb:
“Ən böyük uğur isə ölkəmizdə siyasi sabitliyin, əmin-amanlığın təmin edilməsidir. Təbii ki, bütün digər uğurlarımızın təməlində də bu amil dayanır. Ölkəmiz uğurların göstəricisi olmuş Azərbaycan bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Bildiyiniz kimi ilk Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi və sair idman növləri üzrə beynəlxalq yarışmalar Azərbaycanda uğurla keçirilib. Hər bir böyük beynəlxalq yarışma ərəfəsində Azərbaycanı ləkələmək istəyirlər. Onların qənaətincə, bunun da yolu ölkəmizdə hansısa təhlükələrin mövcud olması barədə təbliğat kampaniyası aparmaqdan keçir. Budəfəki kampaniya da ölkəmizə qarşı əvvəlki illərdə aparılan qarayaxma kampaniyasının tərkib hissəsi və müəyyən sifarişlərin icrasının davamıdır”.
A.Badamov qeyd edib ki, Azərbaycana qarşı fəaliyyət göstərən anti-milli ünsürlərin məqsədi ölkəmizi beynəlxalq miqyasda nüfuzdan salmaq, onu təhlükəli bir məkan kimi təqdim etməkdir:
“Bu qüvvələr hazırda mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun baş tutmaması istiqamətində müəyyən işlər görməkdədir. Ancaq mən düşünürəm ki, onların apardığı digər qarayaxma kampaniyaları kimi bu kampaniya səmərəsiz olacaq, iflasa uğrayacaq. Çünki indiyədək Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi üçün kifayət qədər təcrübə toplanıb. Azərbaycan ictimaiyyəti anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Bu kampaniyaların ötən illərdə müvəffəqiyyətsizliklə üzləşməsi bu dəfə də onların uğursuzluğa düçar olmasını şərtləndirəcək”.
Qeyd edək ki, Böyük Britaniya XİN də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar.