Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və ekspertlər üçün seminar təşkil edib.
Teleqraf.com xəbər verir ki, seminarda salamlama nitqi ilə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanda siyasi və iqtisadi mənzərəni dəyişdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, müqavilə Azərbaycanın inkişafına böyük töhfə verməklə yanaşı, neft resurslarının insan kapitalına çevrilməsinə təkan verib.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əsrin müqaviləsi”nin beynəlxalq aparıcı şirkətlərlə, çətin geosiyasi proseslərin getdiyi dövrdə imzalandığını deyib. O bildirib ki, bununla da Azərbaycan uğurlu enerji strategiyasının və enerji diplomatiyasının əsasını qoyub:
“Uzun illər Azərbaycan neft istehsalçısı olmasına baxmayaraq, neft bir çox hallarda Azərbaycan xalqının mənafeyinə xidmət etməmişdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarilə mənfəətini Azərbaycan xalqı gördü”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın neft strategiyası ölkənin müstəqilliyinin, iqtisadi inkişafının təməlini qoymaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə ciddi töhfə verən amil olub:
“Bu gün Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri özünün icrasının son mərhələsinə qədəm qoyur. Biz ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə sona çatdırılmasına nail olacağıq. Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
Daha sonra çıxış edən energetika nazirinin müavini Elnur Soltanov “Əsrin müqaviləsi”nin dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, “Şahdəniz” dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. O deyib ki, sonradan “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına da sahib olduğunu təsdiq edib. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb. Bəxtiyar Aslanbəyli əlavə edib ki, BP son 25 ildə digər tərəfdaşları və Azərbaycanla birlikdə Xəzər dənizindən 3,6 milyard barel neft ixrac edib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizinə birləşdirən ilk boru xəttidir.
ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer “Əsrin müqaviləsi”nin Azərbaycanda çətin siyasi proseslərin cərəyan etdiyi bir dövrdə imzalandığını qeyd edib.
Seminar sual-cavab sessiyası ilə davam etdirilib.