28 Noyabr 2019 15:12
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının qərargahında partiya sədrinin müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirir.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransında partiyanın icraçı katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.

Ə.Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətində YAP-a, onun qəbul etdiyi qərarlara həmişə böyük hörmət olub:

“Bu gün YAP Azərbaycanın siyasi həyatı üçün önəmli qərar qəbul edib. YAP-ın Siyasi Şurası bu gün keçirilən iclasında islahatların Azərbaycan parlamentində də davam etdirilməsi ilə əlaqədər məsələləri müzakirə edib. Prezidentin islahatlar konsepsiyasını YAP da dəstəkləyir. YAP üzvləri bu islahatlara öz töhfələrini verirlər. İslahatlar bir çox sahələri əhatə edir. Bunlar iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Bunun əsasında sosial inkişafın təmin edilməsi dayanır. 2019-cu ili islahatların daha dinamik xarakter aldığı il kimi xarakterizə etmək olar. Bundan sonra da islahatların həyata keçirilməsi xətti davam etdiriləcək”.

Əli Əhmədov bildirb ki, islahatlar geniş xarakterlidir:

“İslahatlar istisnasız olaraq həyatımızın bütün sahələrini əhatə etməlidir. Hakimiyyətin hər iki qolunda islahatlar uğurla həyata keçirilir. İstər icraedici, istərsə də məhkəmə hakimiyyətində islahatlar sisteminin tam olması və qarşıya qoyulan məqsədlərə nail olunması tələb edir ki, islahatlar bütün hakimiyyət qollarını əhatə etsin.

Beləliklə, YAP üzvləri bu qənaətə gəliblər ki, qanunverici orqan kənarda qalmamalıdır. YAP üzvlərinin əksəriyyəti islahatlara dəstəyini ifadə edərək, bu islahatların qanunveri hakimiyyət sahəsinə gətirilməsinin məqsədəuyğunluğunu bildiriblər. Onu da deyim ki, Siyasi Şura üzvləri bu məsələdə yekdillik nümayiş etdirib. Parlamentin islahatlara cəlb olunması bu prosesə əlavə təminat kimi qiymətləndirilə bilər. Bu gün YAP Siyasi Şurası qanunverici orqanının yeniləşməsinin zəruriliyini ifadə edir. Bu zərurətdən irəli gələrək YAP Siyasi Şurası Azərbaycan Prezidentindən parlamentin buraxılmasını xahiş edib”.


Müəllif: Səxavət