Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü olub.
Teleqraf.com xəbər verir ki, Loik Tassel görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes sahəsində mühasibatlılığın və şəffaflığın artırılması, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirdi. Bildirildi ki, bu, “Procter and Gamble Europe” şirkətinin ölkəmizdəki fəaliyyətinin inkişafı üçün çox önəmli amildir. Azərbaycanın bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığını deyən Loik Tassel rəhbəri olduğu şirkətin ölkəmizdəki biznes və sosial fəaliyyəti barədə danışdı.
Prezident İlham Əliyev gələcəkdə də Azərbaycanda xarici investorlar üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin görüləcəyini vurğuladı.
Söhbət zamanı bildirildi ki, “Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Vurğulandı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.