28 Yanvar 2020 18:45
2 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 29-30-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş keçiriləcək. İlin ilk görüşü İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Danışıqların formatı dəyişməyib; ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi əvvəlcə nazirlərlə ayrı-ayrılıqda görüşəcək, sonra isə müzakirələr geniş tərkibdə davam etdiriləcək.

Politoloq Qabil Hüseynli nazirlər arasında bu il keçiriləcək ilk görüşdən gözləntilərini Teleqraf.com-la bölüşüb.

O deyib ki, Ermənistanın, xüsusilə baş nazir Nikol Paşinyanın davranışlarında cüzi də olsa, müəyyən dönüş hiss olunmaqdadır. Məsələn, N.Paşinyanın keçmiş prezident Serj Sərkisyandan ona miras qalan Dağlıq Qarabağ probleminin həllinə dair detalları açıqlaması onu göstərir ki, ATƏT-in xətti ilə beynəlxalq ictimaiyyətin tərəflərlə apardığı danışıqlar hansısa nöqtəyə gəlib çatıb:

“Paşinyan dolayısıyla etiraf etməyə məcbur olur ki, danışıqlar prosesində gəlinən yolun hamısının üzərindən xətt çəkmək mümkün deyil. Yaxud, danışıqların danışıqlar prosesində gəlinən nöqtədən davam etdirilməsini həm beynəlxalq ictimaiyyət tələb edəcək, həm də bu baş verməsə, Ermənistanın ciddi təcrid olunması prosesi başlana bilər. Bu, baş nazir kimi onun imicinə xələl gətirər. Mən bununla belə təəssürat yaratmaq istəmirəm ki, ermənilərin danışıqlar prosesinə marağı artıb. Sözsüz ki, Ermənistan tərəfi danışıqlar prosesindən imtina edəcəyi barədə heç zaman bəyanat verməyəcək. Danışıqlar vasitəsilə zaman udmağa çalışacaq. Amma bu dəfə ATƏT-in Minsk qrupunun da danışıqlarla bağlı bəyanat yayması, danışıqların məhsuldar olması üçün səy göstərəcəklərini bəyan etməsi onu göstərir ki, doğrudan da danışıqlar prosesinə yenidən və Paşinyanın cəhd etdiyi sıfır nöqtəsindən yox, Serj Sərkisyan dövrünədək qət edilmiş danışıqlar məsafəsinin son nöqtəsindən başlamaq gündəmə gələcək. Ermənistan tərəfi istəsə də, istəməsə də Serj Sərkisyan, ondan əvvəl Robert Köçəryan dövründə aparılmış danışıqların bütün müsbət cəhətlərini silib atmaq mümkün olmayacaq. Çünki bəzi mütəxəssislərin deməsinə görə, məqamların ən azı 85-90 faizi razılaşdırılıb. Yalnız Dağlıq Qarabağın statusu məsələsində fikir ayrılıqları var ki, bu fikir ayrılıqlarını hələ də dəf etmək mümkün olmur. Hazırda tərəfləri ayıran məqam bundan ibarətdir”.

Q.Hüseynli qeyd edib ki, S.Sərkisyan dövründə bu məsələlər müzakirə obyekti idi. Belə ki, tərəflər bu məsələlərin ayrı-ayrı detalları üzərində danışıqlar aparırdılar:

“Amma Paşinyan həm seçkidən əvvəl seçicilərə verdiyi vədə görə, həm də millətçi təbiəti ucbatından dünyanın və tərəflərin ortaq razılığa gəldiyi bu məqamlara soyuq yanaşır və onları qəbul etməyəcək kimi görüntü vermək istəyir. Eyni zamanda danışıqlar prosesinin mahiyyətini açıb göstərir. Bu, öz-özünü inkar etməkdir və belə görünür ki, Paşinyan Sərkisyan dövründə Ermənistanın danışıqlar prosesində getdiyi yolun davamını getməyə məcbur olacaq. Güman edirəm ki, xarici işlər nazirlərinin görüşündə bu məsələlər yenidən gündəmə gələcək. Daha ikinci, üçüncü dərəcəli məsələlər yox, sırf münaqişənin həllinə təsir edə biləcək və bu məsələni irəlilədəcək məqamlar üzərində fikir mübadiləsi aparılacaq. Zənnimcə, belə olacaqsa, bu, danışıqlar prosesinə təkan vermək demək olacaq. Hər halda çətin, çox yorucu və üzücü danışıqlar prosesinə start verilir. Güman edirəm ki, Ermənistan tərəfinin bu danışıqlar prosesinə tabe olmaqdan başqa yolu yoxdur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər