14 İyun 2020 21:04
3 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda Ermənistanın işğalçılıq hərəkətləri başlayan gündən inidiyədək – son 30 ildə baş verənləri, ərazilərimizin işğalı faktını pisləyən onlarla sənəd qəbul edilib. Avropa Parlamentinin qəbul etdiyi son sənəd isə indiyəqədərki sənədlərdən kəskin fərqlənir. Yalnız ona görə yox ki, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti burada daha qabarıq və açıq şəkildə əksini tapır, həm də ona görə ki, bu bəyanatı Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri, həmçinin Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri imzalayıblar.

Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatını şərh edərkən deyib.

Aynur Camalqızı bildirib ki, bu bəyanatın Ermənistanda şok effekti verməsinin bir sıra səbəbləri var:

“Əvvəla, indiyə kimi AP-da Ermənistanla işləyən, əməkdaşlıq edən parlamentarilərin böyük əksəriyyətinin bir qayda olaraq ermənilərə loyal münasibət bəslədiyi müşahidə edilib. Amma indi AP-nin “münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” qəti mövqeyini ifadə edən bəyanata Ermənistan üzrə məruzəçi də imza atır. Bu, Avropa Parlamenti kimi beynəlxalq qurumun münaqişə tərəflərinə münasibətdə daha ədalətli mövqe ortaya qoyması baxımından mühüm dönüşdür.

İkincisi, sənəddə Ermənistanla Qarabağı birləşdirən magistral yolun tikintisi ilə bağlı Avropa Parlamentinin narahatlığı ifadə olunur. Avropa Parlamenti anlayır ki, Ermənistanın bu avantürist siyasəti qarşılıqlı etimad, sülh və barışıq mühiti yaratmağa yönələn proseslərə ciddi əngəllər yaradır. Bəyanatda yolun çəkilməsi pislənilir. Eyni zamanda işğal altında olan Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətə birbaşa etiraz edilir.

Beləliklə, ilk dəfədir ki, Avropa Parlamenti Ermənistanı öz adı ilə çağıran, onların Azərbaycan ərazilərini işğal etdiyini daha açıq mətnlə bəyan edən və pisləyən fundamental bir sənəd ortaya qoyur. Bu, təbii ki, çox mühüm məsələdir və Trayan Basesku, Mariya Kalyurand və Yelena Zavkonun birgə hazırladığı etiraz bəyanatı məhz bu səbəbdən Ermənistanda zəlzələ effekti yaratdı”.

Politoloq olaya erməni siyasətçilərinin və mediasının şərhinə də diqqət çəkib:

“Erməni mediası, politoloqlar və siyasətçilər “şok”da olduqlarını etiraf edirlər. Hətta bəzi erməni politoloqlar Azərbaycanın Ermənistanla müharibəyə başlayacağı təqdirdə bu sənədə əsaslana biləcəyini xüsusi vurğu ilə bəyan ediblər. Bildiriblər ki, bu sənəd Bakıya əraziləri geri qaytarmaq üçün müharibə şansı tanıyır. Fikir verdinizsə, bəyanatın mətni Ermənistana münasibətdə olduqca sərtdir. Bəyanatda ikibaşlı məna daşıyan, Azərbaycanın haqlı mövqeyinə kölgə salacaq heç bir ifadə yoxdur. Əksinə, Ermənistanın beynəlxalq hüquq normalarını pozması, Dağlıq Qarabağla yanaşı, 7 rayonumuzun da işğal olunması faktı təsbit edilir. Bu, Avropa qurumlarından indiyədək görmədiyimiz, hətta erməni siyasi dairələrini də heyrətləndirən vahid yanaşmadır.

Bu sənəd Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı dünyada apardığı genişmiqyaslı diplomatik fəaliyyətin nəticəsidir. Xatırlayırsızsa, bu yaxınlarda Tərtər rayonunda səfərdə olarkən Prezident İlham Əliyev erməni separatçılarının Şuşada absurd “andiçmə” olayı ilə bağlı sosial şəbəkələrdəki müzakirələrə cavab olaraq bildirmişdi ki, “Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin”. Bu, Prezident İlham Əliyevin Qarabağ siyasətinin tezisidir: Ordunun davamlı olaraq güclənməsi və ədalətli beynəlxalq rəy formalaşdırmıq, diplomatiya sahəsində uğurlar, Azərbaycanın haqlı mövqeyinin ən mötəbər qurumlar və dövlətlər tərəfindən birbaşa dəstəklənməsi! Bu sənəd eyni zamanda Azərbaycanın anti-terror əməliyyatını əsaslandıracaq mühüm faktorlardan biri rolunu oynayır və buna görə diplomatik savaşda qələbə sayılır. Erməni siyasətçilərinin “şoka” düşməsinin də səbəbi budur: Azərbaycan dövləti həm regionda iqtisadi, siyasi və hərbi baxımdan güclənir, eyni zamanda beynəlxalq səviyyədə mövqelərini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin sitat gətirdiyimiz fikri və ardınca bu bəyanatın yayılması bir daha təsdiqlədi ki, Prezident addımlarımızın uğurla nəticələnməsi üçün geosiyasi vəziyyətin yetişməsini gözləmir, o geosiyasi vəziyyəti özü formalaşdırır və bu istiqamətdə konkret addımlar atır”.

Politoloqun sözlərinə görə, bəyanat eyni zamanda Avropa Birliyinin münaqişə tərəfləri olaraq işğala məruz qalan və işğalçı qismində Azərbaycan və Ermənistanı qəbul etdiyini təsdiqləyir:

“Ermənistanın münaqişənin Azərbaycanla qondarma rejim arasında olduğunu iddia edərək işğalçılıq siyasətini gizlətməyə cəhd etməsi addım-addım ifşa olunmaqdadır. Avropa Parlamenti də münaqişənin məhz Azərbaycan və Ermənistan arasında olduğunu bildirir və Ermənistanın işğal etdiyi ərazilərdə apardığı bütün fəaliyyətini pisləyir”.

A.Camalqızı sənədin ortaya çıxmasında Azərbaycan Prezidentinə və Ermənistanın Baş nazirinə münasibətin də mühüm rol oynadığını xüsusi qeyd edib:

“Ermənistandakı son “inqilabi” proseslər fonunda Nikol Paşinyanın hakimiyyətə gəlməsi demokratik qüvvələrin qələbəsi kimi dünyaya təqdim olunurdu. Amma az müddət ərzində bunun həqiqət olmadığı bir daha sübuta yetirildi. Ermənistandakı hazırkı vəziyyət Paşinyanın süni şəkildə yaradılmış demokrat obrazını darmadağın edir. Eyni zamanda, faşizmə xidmət edən Qaregin Njdenin müdafiəsinə qalxması, babasının SS-çilərlə iş birliyində olması Paşinyanın dünyagörüşünü müəyyənləşdirən faktorlar kimi artıq nəzərdən keçirilməkdədir. Bir tərəfdən xalqların öz müqəddaratını təyin etməsindən sui-istifadə etməsi, digər tərəfdən “Qarabağ Ermənistandır və nöqtə” şüuarını səsləndirməsi və dolayısı ilə ölkəsinin işğalçı olmasını təsdiqləməsi bu şəxsin qeyri-stabil, beynəlxalq hüquqdan heç nə anlamayan, küçədən gəlmiş biri olduğu rəyini genişləndirdi. Unutmayın ki, onun məkrli, faşist siyasətinin, beynəlxalq hüquqa zidd, işğalçı mahiyyətinin ifşa olunması birbaşa Prezident İlham Əliyevin ən mötəbər tribunalardakı çıxışından, debatlarından başlayıb.

Ən mühüm məqam isə əlbəttə İrəvanın xarici siyasəti ilə bağlıdır. N.Paşinyan Rusiya ilə Qərb arasında oyun oynamağa çalışır və faktiki olaraq hər addımında özünü daha rüsvayçı vəziyyətə salır. Fikir verin, özü sosial şəbəkədə koronavirusa yoluxduğunu, COVİD-19 testinin pozitiv çıxdığını bildirir və sağalmayacağı halda iyunun 24-də Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağını bildirir. Cəmi 2 gün keçəndən sonra isə nə baş verirsə, o, “sağalır” və bəyan edir ki, paradda iştirak etmək üçün Rusiyanın paytaxtına gedəcək.

Bir siyasətçi və dövlət adamına, dövlət başçısına yaraşmayan yalan və bu yalanların doğurduğu gülməli situasiyadır. Əvvəla, koronavirusa tutulmuş şəxsin 2 günə “sağalması” mümkün deyil. Paşinyan ən azı 14 gün sonra növbəti testinin nəticəsi haqda danışa bilərdi. Bu, ÜST-ün müəyyənləşdirdiyi ümumi qaydadır. Paşinyan isə 2 günə həm “xəstələndi”, həm də “sağaldı”. Bu, onun müstəqil olmadığının, ölkəsi adına müstəqil qərarlar verə bilmədiyinin, xarici siyasət sahəsində nə qədər qeyri-stabil və naşı olduğunun nəticəsi idi. Əlbəttə ki, belə bir siyasi düşüncə sahibi olan şəxslə heç bir dövlət və dövlət xadimi perspektiv planları müzakirə etməz.

Azərbaycanla bağlı isə durum tamamilə fərqli və qürurvericidir. Müqayisə edək: Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə Azərbaycanla bağlı mövqeyini ifadə edir, torpaqlarımızın işğal edilməsi faktını bəyan edir, “Qarabağ Azərbaycandır və Nida” deyir. Bir müddət sonra onun dedikləri dünyanın ən mötəbər təşkilatları tərəfindən etiraf edilir. Çünki o, bugünün reallıqları və populizmi ilə hərəkət etmir: Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanan, milli maraqları rəhbər tutan, “qazanaq və qazandıraq” prinsipi ilə davranan, bütün siyasi maraqları ölkəsinin milli maraqları ilə uzlaşdıran və heç bir tərəfə güzəşt etməyən, eyni zamanda hər tərəflə bərabərhüquqlu, ədalətli, güvəncli siyasi-iqtisadi əlaqələr quran, davamlı, stabil, qərarlı və ardıcıl siyasi xətti olan bir lider kimi tanınır. Onun siyasi gedişlərinin bəlli hədəfləri var və milli hədəflər beynəlxalq normalara uyğun qurulub.

İlham Əliyev Şuşada “andiçmə” manipulyasiyası edən Paşinyana “Şuşanı vurmaqla” cavab vermir. Çünki heç kəsin görə bilmədiklərini, hesablaya bilmədiklərini görür və hesablayır. Paşinyana cavab ən tutarlı şəkildə Avropa Parlamenti tərəfindən verilir. Çünki məqsəd Şuşanı vurmaq yox, Şuşanı, Qarabağı qazanmaqdır.

Bakının və İrəvanın bu fərqli siyasətini bütün dünya, Avropa görür və buna görə də hər keçən gün Azərbaycana münasibət yaxşı mənada dəyişməkdədir. İlham Əliyevin ədalətin bərqərar edilməsinə, beynəlxalq hüququn aliliyinə hörmət edilməsinə bütün səmimiyyətilə çalışdığını, ölkəsini regionun liderinə çevirmək üçün nə mümkündürsə etdiyini, mümkün olmayanı da bacardığını görürlər. İlham Əliyevin qlobal düşüncəli, planetar siyasətçi olduğu qəbul edilir. Azərbaycanı güclü edən də odur.

İşğalçı Ermənistanın “yeni ağa” axtarışı ilə ortada qalması fonunda Bakının NATO və Rusiya generallarının görüş yeri olmasının səbəbi də budur: siyasi stabillik, təhlükəsizlik, neytrallıq və regional liderlik!

Pandemiya dönəmində ölkədə əhalini yoluxucu xəstəlikdən qorumaq üçün bütün yükü öz üzərinə çəkmək, üstəlik, dünyanın 30-dan artıq ölkəsinə yardım etmək sıradan hadisə deyil: Azərbaycan bir dünya dövləti, sivil, bəşəri dəyərlərin qorunmasına çalışan bir ölkə olduğunu daim sübut edib və edir. Bütün bunlar İlham Əliyevin beynəlxalq nüfuzunu daha da gücləndirməklə bərabər, Azərbaycanın haqlı mövqeyinə də ciddi təsir göstərir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər