15 İyun 2020 21:54
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Görkəmli dövlət xadimi Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi dünya azərbaycanlılarının azərbaycançılıq məfkurəsi ətrafında birləşməsinə, milli həmrəyliyə, milli maraqların qorunmasına, vətənpərvərlik hissinin daha da artırılmasına yönələn dahiyanə çağırışdır. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü mühüm, bənzərsiz və əvəzsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Əminliklə deyə bilərik ki, bu tarixin ən parlaq səhifələrindən olan 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin təməlinin qoyulduğu günlərdəndir. Dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edən bu tarix məhz Ulu Öndərin imzası ilə gerçəkləşib. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra ölkədə bütün sahələrdə əldə edilmiş uğurların qayəsini məhz milli birlik və həmrəylik konsepsiyası təşkil edib. Məhz Heydər Əliyev dühasının sayəsində azərbaycançılıq ideologiya kimi formalaşıb, milli birlik, milli maraqlar ən qiymətli mənəvi-ideoloji sərvətə çevrilib”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “15 İyun – Milli Qurtuluş Günü milli birlik və həmrəylik ideyalarına yeni məzmun gətirib” adlı məqaləsində əksini tapıb.

Məqalədə deyilir ki, siyasi və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bilir və inanır ki, vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi Heydər Əliyevin siyasi kursunun təməlində dayanıb və bu siyasi xətt kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırılıb.

Məqalədə daha sonra bildirilir: “Milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaradıb. Dünyanın 36 ölkəsindən 200-dən çox təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcını qoyub.

Ümummilli Liderin həmin tarixi tədbirdəki dərin məzmunlu çıxışı dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı ciddi elmi təhlil xarakteri daşıyıb. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artırılması, xarici ölkələrdə ana dilimizin, qədim tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkar siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olub.

Həmin qurultaydan sonra Azərbaycan diaspor hərəkatı yeni bir mərhələyə qədəm qoyub. Ümummilli Lider bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" Fərman imzalayıb. Dövlət Komitəsinin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verib, dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir dövrün başlanğıcını qoyub. Artıq dünya azərbaycanlıları istədikləri vaxt öz Vətənlərinə gələ bilər və onları narahat edən məsələləri müzakirə edə bilərdilər.

Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən milli-mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək, həmvətənlərimizlə əlaqələri daha da genişləndirmək kimi ümummilli ideyaları bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Qürur hissi ilə deyirik ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə diaspor təşkilatlarımızın vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanmasının vacibliyini bildirib, bu sahədə ideoloji-siyasi fəaliyyətin dəqiq konturlarını müəyyənləşdirib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə ciddi uğur qazanmaq qeyri-mümkündür.

Ölkə Prezidentinin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də diaspor quruculuğu işinin təkmilləşdirilməsi prosesinə verilən ən qiymətli töhfə kimi yadda qalıb. Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsində məqsəd I Qurultaydan keçən müddət ərzində diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etmək olub. 16 mart 2006-cı il tarixdə keçirilmiş qurultayda Azərbaycan diasporunun mövcud vəziyyəti müzakirə edilib, diaspor təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi işinin daha da təkmilləşdirilməsi, ölkəmizlə bağlı həqiqətlərin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasında yeni metod və texnologiyaların tətbiqi, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub. Qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərar qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu təbliğat və effektiv əks-hücumun təşkili baxımından müstəsna əhəmiyyətə malikdir.

Həyata keçirilən tədbirlər vahid bir məqsədə-diaspor qarşısında duran vəzifələri müəyyən etməyə, Azərbaycan lobbiçiliyini qurmağa, xarici ölkələrdə yaşayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə və diaspor təşkilatlarının mütəşəkkil qüvvə kimi təşkilatlanmasına dəstək verməyə, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporun fəaliyyət istiqamətlərini müəyyən etməyə xidmət edib.

Mübaliğəsiz demək olar ki, müasir Azərbaycanın uğurlu diaspor siyasətinin prioritetləri, sarsılmaz təməl prinsiplərinin əsası məhz görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə yaranıb və möhkəmlənib. Bu gün bu sahədə qazanılan nailiyyətlər Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.

Azərbaycanda bütün sahələrdə əldə olunan uğurlar təkcə ölkə daxilində deyil, həm də ölkəmizdən kənarda yaşayan soydaşlarımızın həyatında özünü göstərib, onların doğma vətənlərinə bağlılığını daha da artırıb. Artıq harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvəti sayılan milli birliyə nail olmaq və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi uğrunda bütün güc və bacarığını səfərbər etməyə hazırdır, hətta bunu özünə borc hesab edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi”.

Prezident dəfələrlə vurğulayıb ki, Ümummilli Liderin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm dayağa çevrilərək son illərdə Azərbaycan diasporunun təşkili işini daha da sürətləndirib, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təkmilləşməsini stimullaşdırıb.

Azərbaycan Prezidenti tərəfindən bu siyasət uğurla davam etdirilərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Məhz Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində xaricdəki Azərbaycan diasporu çox mütəşəkkil şəkildə birləşib və onların fəaliyyət dairəsi daha da genişlənib.

Bu gün həm ölkəmizdə, həm də dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlərə imza atan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dünya azərbaycanlılarının birliyində, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində müstəsna rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq məlumatlandırma kampaniyası uğurla icra edilir.

Beləliklə, 15 İyun - Milli Qurtuluş Gününün müasir nəticələri Azərbaycan diasporunu daha da gücləndirir, onun aydın fəaliyyət istiqamətlərini müəyyənləşdirir.

Dövlət Komitəsi tərəfindən də ölkə başçısının tapşırıqlarına, Dövlət Komitəsinin Əsasnaməsinə və digər normativ-hüquqi sənədlərə uyğun olaraq, dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsimizin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimai-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün zamanın tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Xüsusilə, son illər ərzində strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bir çox xarici ölkələrə səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri dərindən araşdırılaraq təhlil edilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə bir çox xarici ölkələrdə Azərbaycanlıların Koordinasiya Şuraları təsis edilib. Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Müxtəlif ölkələrdə artıq fəaliyyətə başlayan, gələcəkdə də təsis edilməsi nəzərdə tutulan Azərbaycan Evləri, “Qarabağ” adlı Azərbaycan məktəbləri diasporumuzun imkanlarını daha da artırır. Yeri gəlmişkən qeyd edək ki, Komitə xaricdə fəaliyyət göstərən Azərbaycan məktəbləri üçün xüsusi formatlı “Azərbaycan dili” dərsliyini də hazırlayıb.

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezidentin müvafiq Fərmanı əsasında yaradılmış Azərbaycan Diasporuna Dəstək Fondu da öz növbəsində, dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıraraq diaspor siyasətinin uğurlu icrasına öz töhfəsini verir. Azərbaycan dövlətinin dəstəyi, ölkə başçısı İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısı və bu istiqamətdə verdiyi tapşırıqlar diaspor təşkilatlarımızin bundan sonra da öz səylərini daha da gücləndirəcəyinə böyük ümidlər yaradır.

Hazırda dünyanın müxtəlif ölkələrində 500-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onlar Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, mədəniyyətimizi, adət-ənənələrimizi, Azərbaycan xalqına məxsus dəyərləri təbliğ etməklə xaricdə Vətənimiz haqqında müsbət rəy yaratmış olurlar.

Hər il dünyanın bir sıra ölkələrində milli bayramlarımızla yanaşı, faciə günlərimiz, Xocalı soyqırımının növbəti ildönümü anılır. 2019-cu ilin fevral ayında Avropanin siyasi mərkəzi hesab olunan Brüssel, 2020-ci ildə fevralda Almaniyanın paytaxtı Berlin şəhərində Ümumavropa Qarabağ mitinqi təşkil edildi. Hər iki mitinqdə yüzlərlə Azərbaycan bayrağı və diasporumuzun fəaliyyət göstərdikləri ölkələrin bayraqları dalğalandı. Qarabağla bağlı şüarlar onlarla dildə səsləndirildi. Bu cür möhtəşəm aksiyalar yaddaşlarda, beyinlərdə sözsüz ki, silinməz iz qoydu və orada verilən mesajlar lazımı ünvanlara çatdı. Bu tədbirlər Ulu Öndərin soydaşlarımızın birlik konsepsiyasının bu gün də aktuallığını qoruyaraq, xüsusilə də ümummilli maraqlarda daha çox reallaşma imkanlarını bir daha təsdiq edir.

Artıq əminliklə deyə bilərik ki, Dövlət Komitəsinin beynəlxalq əlaqələri inkişaf edir, xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları ilə əməkdaşlıq qurulur, bu sahədə müxtəlif sənədlər imzalanır.

Hazırda Dövlət Komitəsi ölkəmizdə mövcud olan informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq müxtəlif innovativ layihələr həyata keçirməkdədir. Multimedia məhsullarının sayını artırmaqla Komitə haqqında informasiya boşluğu aradan qaldırılıb. Soydaşlarımızla bağlı video və infoqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırılır. Komitənin internet televiziyası Diaspor TV-nin və Diaspor FM-in aktiv fəaliyyəti, “Vətən uzaqda deyil” adlı verilişin və bu proqramlar çərçivəsində onlayn Azərbaycan dili dərslərinin yayımlanması və s. xaricdə yaşayan soydaşlarımızla əlaqələri yeni müstəviyə daşımağa imkan verir.

Bu gün xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb etmək, onları simvolik və virtual formada birləşdirmək, həvəsləndirmək üçün icra edilən layihə və proqramlar innovativ əsaslara söykənir. Belə layihələrdən Liderliyin inkişafı, Beyin qazanma, E-akademiya və digərlərini qeyd etmək mümkündür.

Qurtuluş günündən bəhrələnən birlik COVID-19-la mübarizədə də özünü göstərdi. Dövlət başçısının müvafiq tapşırıqlarına əsasən soydaşlarımıza müraciət edilərək mövcud vəziyyətdə daha çevik fəaliyyət və mümkün imkanlar daxilində ehtiyacı olan insanlara dəstək göstərilməsi tövsiyə olunub. Bu işlər Macarıstan, Polşa, Türkiyə, Avstriya, Gürcüstan, Almaniya (Berlin və Köln), Ukrayna, İspaniya Krallığı və Estoniyada fəaliyyət göstərən 10 Azərbaycan evi, həmçinin dünyanın 25 ölkəsini əhatə edən və 121 diaspor təşkilatını birləşdirən 11 Koordinasiya Şurası tərəfindən həyata keçirilib.

Təbii ki, bu və bunun kimi saysız-hesabsız faktlar göstərdi ki, dünyanın harasında olursa olsun, soydaşlarımızın ən çətin və həssas məqamlarda bir-birlərinə yardım etmələri, dayaq olmaları və ən əsası dövlətimizin diqqət və qayğısını hiss etmələri, təməli Ulu Öndər tərəfindən qoyulmuş milli birlik və həmrəylik konsepsiyasına sadiqliyin, o cümlədən diaspor quruculuğu işinin uğurlu icrasının parlaq təzahürüdür.

Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, doğma Vətənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər