Avropanın aparıcı ölkələrində – Fransa, İspaniya, Belçika və digər dövlətlərdə baş verən haqsızlıqlar, kütləvi etirazlar, islamafobiya, məscidlərin yandırılması, qeyri-avropalılara qısqanc münasibətlər göz önündədir. İndi həmin Avropa qurumları bu hadisələrə bir reaksiya verdimi? Buna qarşı çıxdılarmı? Nəsə etiraz etdilərmi? Xeyr. Ona görə də onların Ermənistanda baş verən son hadisələrə səssiz qalması da təəccüblü deyil.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.
O qeyd edib ki, son 25 il ərzində Ermənistanda hakimiyyətə gələnlərin kimliyi hər kəsə məlumdur:
“Bunlar hərbi canilər, soyqırımı törədənlər, günahsız insanların qanını axıdanlar, hakimiyəti zəbt edənlər olub. Ermənistanda 1999-cu ildə parlament gülləbaran edilib, siyasi əqidəsinə görə insanların başına açılmayan oyun qalmayıb. Avropa qurumları, ölkələri buna qarşı hansısa tədbir gördümü, bir sanksiya tətbiq etdimi? Xeyr. Belə olan təqdirdə onlardan bu hadisələri qınamayacağı, biganə qalacağı da gözlənilən idi”.
Elman Məmmədov bildirib ki, Azərbaycanda nə isə qurama bir iş olan kimi Avropa ölkələri və təşkilatları haray-həşir salırlar:
“Çünki həmin qurama işin sifarişi və pulu Avropadan gəlib. Burdakılar da Azərbaycana qarşı nə isə edir. Bunun hay-küyü dünyaya yayılır. Azərbaycana qarşı şər-böhtan, qarayaxma kampaniyası başlayır. Bunlar hamısı ondan xəbər verir ki, Avropa ölkələri və təşkilatları bütövlükdə bu cür fəaliyyətləri kimlərəsə qarşı və nə üçünsə edirlər. Əgər bunlar Azərbaycandan istədiklərini ala bilmirlərsə, Azərbaycanı öz istədikləri kimi yönəldə bilmirlərsə, Azərbaycan bunların tələblərinə, qeyri-qanuni istəklərinə tabe olmursa, özünün müstəqil siyasətini yürüdürsə, dövlətçiliyini, təhlükəsizliyini qoruyursa bu, Avropada bir çox qurumların və ölkələrin xoşuna gəlməyəcək. Bu gün Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan müəyyən dairələr nə ilə dolanır, bunları kim maliyyələşdirir? Təbii ki, həmin Qərb təşkilatları və qurumları. Bunlar da onların sifarişlərini yerinə yetirirlər”.