Ermənistan-Rusiya münasibətlərinin gərgin olduğu göz önündədir. Sözsüz ki, bu münasibətlərdəki gərginliyinin mərkəzində Nikol Paşinyanın apardığı siyasət durur. Ermənistan Avrasiya İttifaqının, Kollektiv Təhlük'sizlik Müqaviləsi Təşkilatının üzvüdür. Başqa sözlə, Ermənistan Rusiyanın ən yaxın müttəfiqidir. Amma Ermənistan rəhbərliyi iyunun 24-də Moskvada keçirilən hərbi paradda iştirak etmədi. Bu, onu göstərir ki, Moskva Paşinyanın siyasətindən narazıdır.
Bu fikirləri Teleqraf.com-a Ermənistan-Rusiya münasibətlərinin indiki mərhələsini şərh edən politoloq Fikrət Sadıqov deyib.
Politoloq əlavə edib ki, hazırda söhbət Rusiya-Ermənistan münasibətlərinin qırılmasından getmir: “Amma münasibətlərdə soyuqluq, uzaqlaşma və bir sıra məqamların nümayişi deməyə əsas verir ki, Moskva tərəfindən erməni Baş nazir Nikol Paşinyana ciddi təzyiqlər göstərilir. Yeri gəlmişkən, bu təzyiqin bir göstəricisi də Ermənistana satılan mavi yanacağın qiymətində bahalaşmanın olacağına dair anonsdur. Əlbəttə, Ermənistan da hansısa addımlar atmağa cəhd edə bilər. Məsələn, belə iddialar səsləndirilir ki, Ermənistan tərəfi hansısa qanun layihəsi hazırlayır və bu imkan verəcək ki, bu ölkə ərazisində yayım həyata keçirən Rusiya televiziya kanalları qapadılsın. Bu xəbər də böyük göstəricidir. Bu, sözsüz ki, Rusiyanın maraqlarını vurur. Bütün bunlar əslində qeyd edilən gərginlikdən xəbər verir və bu gərginlik artan xətt üzrə davam edir”.
Fikrət Sadıqov xatırladır ki, hazırda Rusiya rəhbərliyinin diqqəti daha çox pandemiyaya qarşı mübarizəyə yönəlib: “Digər tərəfdən Rusiyada konstitusiya düzəlişlərinə dair seçkilər də gedir. Əsas diqqət bu iki məqama yönəldilib. Amma Moskva eyni zamanda Ermənistanda gedən siyasi prosesləri, yeni hökumətin addımlarını yaxından izləyir. Əgər münasibətlər tam qırılmaq nöqtəsinə gəlib çıxacaqsa, bu zaman Paşinyanın da hakimiyyəti uzun çəkməyəcək. Yəni Paşinyan ciddi təhlükə altında qalacaq”.