Milli Məclisin deputatı Jalə Əhmədovanın siyasi məsələlərdən uzaq olması ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Bu fikirlərinə görə deputat qınaq obyektinə tuş gəlib.
Teleqraf.com xəbər verir ki, deputat Etibar Əliyev həmkarını müfafiə edib:
"Deputat həmkarımız Jalə Əhmədovanın “Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayanlar sırasındayam" fikri sosial şəbəklərdə tənqidə məruz qalıb.
Mən Jalə xanımın bu fikrinə hörmətlə yanaşır və ona haqq qazandırıram. Sual yaranır, siyasətlə kimlər məşğul olmalıdır? Ali məktəblərdə “Politologiya” ixtisası üzrə mütəxəssis hazırlanır. “Siyasət” ixtisası ürə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri verilir. Ali Attestasiya Komissiyasının saytında 2010-cu ildən bəri “siyasət” üzrə fəlsəfə doktorlarını 100-ə qədər sayandan sonra gözlərim qaraldı, davam edə bilmədim. Siyasi partiya (onların sayı 61-dir) rəhbərləri və həmin partiyanın üzvləri siyasətlə məşğul olurlar. Və 12 partiyanın nümayəndələri parlamentin üzvüdür. Yeri gəlmişkən, Milli Məclisin 4 üzvü “Siyasət” üzrə elmlər doktorudur. Xalq şairi Sabir Rüstəmxanlı siyasi partiya rəhbəridir. Və illərlədir partidaşları onu özlərinə lider kimi qəbul ediblər. Yəni qanunvericu orqan olan Parlamentin içində və çölündə kifayət qədər siyasətlə məşğul olan şəxslər var. Milli Məclisin “Elm və Təhsil” Komitəsində, “İdman və Gənclər” komitəsində, yaxud “Səhiyyə” komitsəində siyasətçilərin olmasına nə ehtiyac var? Vəziyyət o həddə gəlib çatıb ki, bəzi qəzet və sayt rəhbərləri də özlərini kamil siyasətçi adlandırırlar. Bismark gözəl deyirdi: “Siyasət elm deyil, sənətdir.” Şəxsən mənim də sənətim siyasət deyil. Siyasət haqqında ilk fundamental əsərin müəllifi filosof Aristotel olub. Yəni bu sənəti filosoflar yaradıblar. Azərbaycanda siyasətlə nə üçün məşğul olduğunu bilməyən minlərlə insan bədbəxtçiləyə düçar oldu. Hələ onlara qoşulanları demirəm. Bu indi də davam edir. İnsanları siyasətdən baş çıxarmayıb “mən peşəkar siyasətçiyəm” ifadəsi ilə aldadanlar çox olub. Elm, təhsil, səhiyyə, gənclər, idman siyasəti ilə məşğul olanların əksəriyyəti isə özlərini siyasətçi adlandırmırlar. Tamamilə düz edirlər. Əsas məsələ idrakla və təfəkkürlə ölkəyə verilən faydadır. Başqa bir msəslə:
E.Əliyev qeyd edib ki, siyasətlə bağlı fikirlər çox haçalanıb: "Dostlarımızdan bir neçəsi israr edir ki, Parlament siyasi orqandır. Onların fikirlərinə hörmətlə yanaşıram”.
Onun sözlərinə görə, parlamentin öz adı isə Qanunverici orqandır:
“İki misal çəkəcəm: Tibb Universitetinin keçmiş rektoru Yaqub Məmmədovu parlamentə sədr seçdilər. Sonda söylədiyi bir ifadə tarixə düşdü: “Biz hamımız böyük oyunun “peşka”larıyıq." Başa düşmüşdü ki, siyasət onluq deyil.
Bakı Dövlət Universitetinin rektoru görkəmli riyaziyyatçı Mirabbas Qasımov da elmini buraxıb siyasətə gəlmişdi. Və 1991-ci ildə rəhmətlik Heydər Əliyevə dediyi sözləri xatırlayırsınızmi? Dedi: "Mən Sizdən savadlıyam." Siyasət artıq onu çaşdırmışdı. Və bir müddətdən sonra Elm də ondan üz döndərdi.
BDU-nun filologiya üzrə mərhum professoru Şamil Qurbanovun bir siyasi fikri də tarixə düşdü: " Jak Şirak qudurub."
Bütün çağırışlar içərisində 1990-cı ilin parlamentindən siyasiləşmiş Parlament olmayıb. Platon yazırdı: "Ədalətli cəmiyyət o cəmiyyətdir ki, hərə öz işi ilə məşğul olur." Mən belə cəmiyyətin arzusundayam”.