Azərbaycan nizamlama prinsiplərinə hər zaman sadiq olub. Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan növbəti gün hərbi əməliyyatları dayandırmağa hazır olduğunu dəfələrlə bəyan edib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputatın bildirib ki, Ermənistan rəhbərliyi baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib:
"Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Ərazilərimiz işğaldan azad olunur, Ermənistan ordusu isə fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında da öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək, bu məsələni siyasi yolla həll etməyə hazırdır. Amma bütün bunların fonunda Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır”
Cavid Osmanov qeyd edib ki, bütün məsələlər baza prinsiplərində dəqiq müəyyən edilib:
“Azərbaycan baza prinsiplərinə sadiqdir. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılmasını özündə ehtiva edir. Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa qaytarılması - bütün bunlar baza prinsiplərində yazılıb”.
Deputat qeyd edib ki, Azərbaycanın şanlı Ordusu status-kvonu dəyişdi:
“Bu gün status-kvonu Azərbaycan Ordusu dəyişib. Yəni, artıq status-kvo yoxdur, təmas xətti yoxdur”.