44 günlük Vətən müharibəsində Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi tariximizə qızıl hərflərlə yazıldı. Hazırda erməni cəmiyyəti öz məğlubiyyətinin şokunu yaşayır.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan qarşısında ağır məğlubiyyətə uğrayandan sonra ciddi qarşıdurma və xaosun hökm sürdüyü Ermənistanda qeyri-müəyyən vəziyyət davam edir:
“Paşinyan hakimiyyətinin növbədənkənar parlament seçkiləri keçirməyə razı olması da məğlub ölkədəki siyasi böhranın dərinləşməsinin qarşısını almaq iqtidarında deyil. Əksinə, müxalifət hakim siyasi qüvvələrin seçkiləri saxtalaşdırmaq niyyətində olduğu barədə ittihamlarla xaosun daha da dərinləşməsinə rəvac verir”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın hazırkı ağır durumda olmasının əsas səbəbi 30 ilə yaxın işğalçı siyasət yürütməsidir:
“Azərbaycan dövləti hər zaman bəyan edirdi ki, işğalçılıq siyasəti Ermənistana heç bir xeyir gətirməyəcək. Ona görə də sülh yolu ilə münaqişə həll edilməli, qarşı tərəf işğal etdiyi torpaqları xoşluqla tərk etməlidir. Çünki 30 illik işğal dövrü,həqiqətən də, Ermənistana heç bir divident qazandırmayıb. Əksinə, işğalçı ölkədə sosial-iqtisadi böhran dərinləşməkdə davam etdi. Bu da ölkədə siyasi böhranın baş verməsi ilə nəticələndi. 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn qüvvələr də münaqişənin həllində konstruktivlik nümayiş etdirmədi. Nəticədə ötən il 44 günlük müharibədə Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. 10 noyabr bəyanatı ilə münaqişə başa çatdı. Müharibədəki ağır məğlubiyyət Ermənistanda psixoloji travma yaradıb. Bütün sahələr üzrə böhranı daha da dərinləşib. Parlament seçkiləri ərəfəsində ölkədaxili gərginlik daha da artıb. Ermənistanda hazırkı mənzərə məhz işğalçılıq siyasətinin nəticəsidir”.
Sevinc Fətəliyeva hesab edir ki, Ermənistanın düşdüyü ağır durumdan çıxış yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir:
“10 noyabr razılaşması regionda kommunikasiyaların bərpasını da nəzərdə tutur. Həmçinin Azərbaycan region ölkələrinin əməkdaşlığını özündə ehtiva edən altılıq platformasının təşəbbüskarıdır. Əgər Ermənistan Azərbaycan bu xoşniyyətli təşəbbüslərinə uyğun davranacaqsa, böhrandan çıxa bilər. Əks halda bu ölkənin heç bir perspektivi yoxdur”.