“Ermənistanın nə istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılması labüddür. Bunu Azərbaycanla yanaşı, Türkiyə də istəyir. Əslində, bu, Rusiya üçün də mühüm layihədir. Çünki bu dəhliz Rusiyaya iqtisadi qazanclar təmin edə bilər. Amma şimal qonşumuz ikili oyun oynayır. Bununla belə, Rusiya və Türkiyənin bu məsələdə anlaşdığını düşünürəm. Həmin anlaşma isə Zəngəzur dəhlizinin açılmasını şərtləndirir”.
Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Son zamanlar Şərqi Avropada Rusiya təhlükəsinə qarşı müdafiə məqsədilə keçirilən hərbi təlimlərin sayı artıb. Estoniyada 6 NATO ölkəsinin iştirakı ilə yeni məşqlər başlayıb. Sizcə, Rusiyaya qarşı atılan bu addımlar nə ilə nəticələnəcək?
- Diqqətçəkən məqamlardan biri budur ki, bir sıra keçmiş sovet respublikaları NATO təlimlərində fəal iştirak edirlər. Demək lazımdır ki, son zamanlarda ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərindəki gərginlik yüksələn xətt üzrə gedir. Qərb cidd-cəhdlə Rusiyanı sıxışdırmağa başlayıb. Rusiya da buna cavabsız qalmır, ətrafına Türkiyə və Çin kimi tərəfdaşlar yığır.
Təbii ki, bu da Qərb və ya ABŞ-ı narahat edir. ABŞ buna adekvat olaraq, keçmiş sovet respublikalarını NATO və öz bayrağı altında çəkməyə çalışır. Yəni Rusiya getdikcə təklənir. Bu gəlişmələr təsadüfən baş vermir. Jirinovski kimi siyasətçilərin tez-tez “SSRİ bərpa olunmalıdır” kimi açıqlamalar verməsi, gördüyümüz kimi, təsirsiz ötüşmür. Qərb Rusiyanın bu planına mane olmaq istəyir, buna görə də onu sıxışdırırlar.
Rusiyanın 2014-cü ildə Krımı işğal etməsindən sonra bu məsələ daha da böyüdü. Rusiya demək olar ki, yenidən Ukraynanı özünə birləşdirmək istəyirdi. Bu tərəfdə də Qarabağ məsələsi var. Rusiya son gəlişmələrin fonunda öz qüvvələrini Qarabağda – Azərbaycan ərazisində yerləşdirdi. Qərb Rusiyanın bu şübhəli fəallıqlarını nəzərə alaraq, onu dayandırmağa çalışır.
Şübhəsiz ki, baş verənlərin tərəflər arasında qarşıdurmaya gətirib çıxaracağını düşünmürəm, yenidən məsələlərin həlli üçün masa arxasında oturacaqlar. Çox güman ki, Putin və Bayden bir müddət sonra görüşəcək. Yəni məsələlər masada həll olunacaq, poliqonda yox.
- Ermənistan-Azərbaycan sərhədində də vəziyyət gərgindir. Ermənistan tərəfi cidd-cəhdlə gərginliyi böyütməyə çalışır. Ermənistan bununla nəyə nail olmaq istəyir?
- Ermənistan Azərbaycanla imzaladığı sazişlərin bəndlərini yerinə yetirməlidir. Amma bundan boyun qaçırmağa çalışır. Azərbaycan da məcbur qalır ki, onu buna məcbur etmək üçün alternativ vasitələrə əl atsın. Bu anlaşmalara uyğun olaraq, Azərbaycan digər ərazilərə də nəzarətini bərpa etməli, sərhədlərini müəyyənləşdirməlidir. Əgər bu, danışıqlar yolu ilə olmursa, Azərbaycana yeganə çıxış yolu qalır: güc tətbiq etmək.
Ermənistanın nə istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılması labüddür. Bunu Azərbaycanla yanaşı, Türkiyə də istəyir. Əslində, bu, Rusiya üçün də mühüm layihədir. Çünki həmin dəhliz Rusiyaya iqtisadi qazanclar təmin edə bilər. Amma şimal qonşumuz ikili oyun oynayır. Bununla belə, Rusiya və Türkiyənin bu məsələdə anlaşdığını düşünürəm. Anlaşma isə Zəngəzur dəhlizinin açılmasını şərtləndirir. Azərbaycan da bunda təkid edir.
Ermənistan isə buna mane olmaq üçün köhnə oyununu oynayır. Səsini başına atıb ki, guya Azərbaycan ordusu Ermənistan ərazilərinə girib. Təbii ki, bu iddia gülüş doğurur. Buna ancaq Makron kimi prezidentlər reaksiya verə bilər.
- Bəs Rusiya bu gərginlikdə niyə Ermənistana qarşı çıxır? Vladimir Putin də bildirdi ki, üçtərəfli anlaşmalara alternativ yoxdur, yerinə yetirilməlidir.
- Rusiya bildirir ki, hər iki tərəfdən müraciət olarsa, buna reaksiya verə bilər. Azərbaycan isə bu məsələni özü həll edir, buna görə də, özünün doğru bildiyi yolla gedir. Məsələlərin öhdəsindən təkbaşına gələ bilir. Azərbaycandan fərqli olaraq, Ermənistan bütün məsələləri təkbaşına həll edə bilmir, ənənəvi qaydada Rusiyaya üz tutur.
Ermənistanın bu istəyi heç kim üçün önəmli deyil. Əslində, Paşinyan bu gün öz oyunlarını daxili publika üçün oynayır. Çünki qarşıdan seçkilər gəlir, insanları cuşa gətirməlidir ki, ona səs versinlər, arxasında dursunlar. Şübhəsiz ki, Paşinyan Qərbdən aldığı dəstəkdən də istifadə edir, bu, daxildəki siyasi qüvvələrlə yanaşı, Rusiyaya da yönəlib. Amma Ermənistan və onun rəhbərinin bu canfəşanlığı heç bir nəticə vermir və verməyəcək. Çünki Azərbaycan öz sərhədlərini müəyyənləşdirməlidir və bu yöndə olan plan öz xətti üzrə gedir.
Üçtərəfli anlaşmaların yerinə yetirilməsi ilə bağlı Rusiyanın öhdəlikləri var. Bölgədə təhlükəsizliyin qorunmasına cavabdehdir, öz sülhməramlılarını Qarabağda yerləşdirib, Ağdamda Türkiyə ilə birgə qurduğu monitorinq mərkəzində təmsil olunur. Buna görə də, israrlar Ermənistandan bu anlaşmaları yerinə yetirməyi tələb edir.
Şübhəsiz ki, hər şey göründüyü kimi deyil, Rusiya ikili oynayır. Türkiyə və Azərbaycana qarşı açıq çıxış edə bilmədiyinə görə Ermənistana əlaltdan dəstək verir.
- Gürcüstanda baş verən son gərginlik nədən qaynaqlanır? Svanlarla azərbaycanlıları kim üz-üzə qoyur?
- Son illər Gürcüstanda bu kimi halların tez-tez baş verdiyini görürük. Gürcüstanda bir sıra şovinist və müəyyən mərkəzlərə bağlı qruplar var ki, onlar etnik və dini zəmində qarşıdurmanın yaradılmasına xidmət edir. Svanlarla azərbaycanlılar arasında son gərginlik də bundan qaynaqlanır.
Gürcüstan-Azərbaycan yaxınlığını istəməyən qüvvələrin buradakı rolu daha ağır çəkiyə malikdir. Bir sıra gürcü ekspertlər Rusiyanın adını çəkirlər. Bu ehtimal istisna edilmir. Amma bəzi hallarda Gürcüstanın mövcud hakimiyyəti proseslərə ikili standartlarla yanaşır. Bir də görürsən ki, Gürcüstan prezidenti Tiflisdə erməni həmkarı ilə şərab içir, tost deyir, onun təxribatçı addımını sosial şəbəkəd paylaşır, bir də görürsən ki, Rusiyanın Gürcüstan üzərindən Ermənistana keçirmək istədiyi silah-sursatı sərhəddən buraxmır. Yəni Gürcüstan da bəzən ikili oyunlar oynayır.
Şübhəsiz ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, strateji tərəfdaş və dost ölkədir. Buna baxmayaraq, Gürcüstanda müsəlman və xristianlar arasında bir qarşıdurma mühitinin olduğunu görürük. Belə hadisələr əvvəllər də olub.
Hesab edirəm ki, səfirliklərimiz və diaspor qurumlarımız təkcə Gürcüstanda yox, digər ölkələrdə də bu kimi məsələlərə ciddi yanaşmalıdırlar.
Ümumilikdə deməzdim ki, Gürcüstanın azərbaycanlılara qarşı qərəzli mövqeyi var. Görünən budur ki, Gürcüstanda yaşayan soydaşlarımızla digər etnikləri üz-üzə qoymağa, bununla da Azərbaycanla bu ölkənin münasibətlərini pozmağa çalışırlar. Gürcüstanın aidiyyəti qurumları bunun baş verməməsi üçün həmin qruplar üzərindəki nəzarətini gücləndirməlidir.