Avropa Parlamentinin qəbul etdiyi sənədin əhəmiyyəti haqqında ən yaxşı qiyməti Milli Məclisin spikeri Sahibə Qafarova verib. Hörmətli sədr bu sənədi bir kağız parçası adlandırıb. Bu sənədin heç bir əhəmiyyətinin olmaması haqqında fikir bildirib. Hesab edirəm ki, bu, Avropa Parlamentinin çıxardığı qərara uyğun verilmiş ən düzgün qiymətdir.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
O qeyd edib ki, erməni lobbisinin təsiri altında Azərbaycanın müstəqilliyini, gücünü, inkişafını qəbul etməyən qüvvələr mövcuddur:
“Düşdükləri məğlubiyyətin bir nümunəsi kimi də Avropa strukturları vasitəsi ilə nəsə etməyə çalışırlar. Avropa İttifaqının içərisində isə bu yanaşmalar birmənalı qarşılanmır. Bəllidir ki, bunun arxasında duran həm ermənilərin, həm də Fransanın təsiri həddindən artıq güclüdür. Avropa ilə Azərbaycan arasında isə münasibətlər strateji əhəmiyyət kəsb edir. Ölkəmizin İtaliya, Böyük Britaniya ilə münasibətləri yüksələn xətlə inkişaf edir. Bu gün Parlamentdə Bosniya və Hersoqovinada səfirliyimizin açılması ilə bağlı da qərar verildi”.
Səməd Seyidov hesab edir ki, Avropa Parlamentinin çıxardığı qərarı Avropanın ümumiləşdirilmiş rəyi kimi qiymətləndirmək düzgün deyil:
“Bu, erməni diasporunun, daxildəki ermənipərəst qüvvələrin cəhdi kimi dəyərləndirilməlidir. Xüsusilə Fransada gələn il prezident seçkiləri ilə bağlı məsələlər aktualdır. Ona görə də erməni kartından istifadə edərək öz şəxsi maraqlarını həyata keçirən qüvvələr onlardan bir alət, oyuncaq kimi istifadə edirlər”.
Millət vəkilinə görə, belə qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti olmayacaq:
“Azərbaycan Avropa strukturları ilə öz əlaqələrini inkişaf etdirməkdə davam edir”.