Ermənistanın cənubunda vəziyyətin kəskinləşməsi sərhədyanı insidentdir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəasına aid deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Stanislav Zas jurnalistlərə açıqlama zamanı bildirib.
“Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum halında (üzv ölkələrdən birinə) hərəkətə keçir. Burada isə biz əslində sərhədyanı insidentlə qarşılaşırıq. Allaha şükür, orada itki yoxdur, atışma yoxdur. Bu bir sərhədyanı insidentdir, onu həll etmək lazımdır və biz bunun sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq”, - deyə o qeyd edib.
KTMT Baş katibinin qeyd etdiyi kimi, münaqişənin eskalasiyası müşahidə olunmur.
“Prinsipcə, indi oradakı vəziyyətin bir şəkildə inkişaf etdiyini söyləmək lazım deyil. Pisləşmir – bu artıq yaxşıdır, bu artıq nəticədir. Qarşıda sərhəd məsələsində çox iş, bütün bu mübahisəli məqamların həlli var, ancaq onlar danışıqlar masasında həll edilməsi lazımdır”, - Zas bildirib.
KTMT Baş katibi onu da bildirib ki, Ermənistanın may ayındakı müraciətindən sonra təşkilat ölkənin sərhədyanı rayonlarındakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıb.
“Bu cür məsləhətləşmələr müdafiə nazirləri, Təhlükəsizlik Şuralarının katibləri səviyyəsində aparıldı və mən həm Ermənistanın xarici işlər naziri, həm də müdafiə naziri ilə əlaqə saxladım. Bu vəziyyəti müzakirə etdik. Bundan əlavə KTMT Xarici İşlər Nazirləri Şurasının Düşənbədəki iclası çərçivəsində bu vəziyyətlə bağlı ümumi müzakirə aparmışıq”, - deyə o qeyd edib.
Zas bildirib ki, KTMT Ermənistanın cənubundakı vəziyyəti daim izləyir, baxmayaraq ki, monitorinq qrupu yaratmaqla bağlı qərar verilməyib.
Onun sözlərinə görə, təşkilat bir sıra mənbədən, o cümlədən Ermənistan tərəfindən və Rusiya sülhməramlılarından lazımi məlumatları alır.