26 İyul 2021 16:33
2 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə, Azərbaycan və Pakistanın paralment sədrləri sabah Bakı Bəyannaməsini imzalayacaqlar. Bu, Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanmasından sonra regionda yeni siyasi-hərbi platformanın qurulması anlamında qəbul edilməlidir”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Mərkəzi Asiya və Yaxın Şərqdəki strateji mövqelərini gücləndirməyi qarşısında məqsəd qoymuş Türkiyə Azərbaycan və Pakistanla hərbi-siyasi əməkdaşlığı yeni müstəviyı keçirməkdə maraqlıdır:

“Söhbət üçtərəfli əməkdaşlığı genişləndirməkdən gedir. Bu baxımdan, imzalanacaq Bakı Bəyannaməsi siyasi əməkdaşlığı nəzərdə tutsa da, artıq hər iki ölkə Azərbaycanla sıx hərbi əməkdaşlığa malikdir. Həm Pakistan, həm də Türkiyə hərbi baxımdan Azərbaycanla koordinasiyalı işləyir. Qabaqkı dövrdə üç ölkə arasında birgə təlimlərin keçirilməsi gözlənilir.

Hesab edirəm ki, Bakı Bəyannaməsinin imzalanması üç ölkə arasındakı əməkdaşlığı yeni müstəviyə daşıya bilər. Söhbət üç ölkənin birgə ordusunun qurulmasından gedir. Bu, perspektivdə mümkündür. Belə bir hərbi yaxınlaşmaya Mərkəzi Asiyanın türk respublikaları da qoşula bilər. Qənaətimə görə, Türkiyənin strateji planı budur. Regionda proseslər Azərbaycanın leyhinə işləyir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Şuşa və Bakı bəyannamələri hər iki ölkənin Azərbaycanla müttəfiq olması anlamında qəbul olunmalıdır:

“Pakistanın Azərbaycanla əlaqələrini inkişaf etdirməsi bu ölkənin Avropaya çıxışına yeni şəraitlər yaradacaq, eləcə də Cənubi Qafqazda gücünün və təsir dairəsinin artmasına gətirib çıxaracaq. Pakistan nüvə ölkəsidir, eyni zamanda dünyanın ən güclü ordularından birinə sahibdir. Türkiyənin hərbi gücü haqda isə danışmağa ehtiyac yoxdur, hər şey bəllidir. Azərbaycanın belə bir ölkələrə müttəfiq olması, ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir”.


Müəllif: Mənsur Rəğbətoğlu