Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan Vətən müharibəsindən ötən 8 ayda diktə edən tərəfdir. Sizcə, döyüşlərdən sonrakı dövrdə gözləntilərimiz reallığa çevrilir?
- Son bir ayda sərhəddə hərbi gərginliyin əvvəlki aylarla müqayisədə artdığı faktdır. Təsadüfi deyil ki, yenə də Rusiyanın vasitəçiliyi tərəfləri müəyyən öhdəliklərlə çıxış etməyə vadar etdi. Şübhəsiz, burada ilk növbədə ölkə rəhbərinin keçirdiyi görüşlərdən sonra verdiyi mühüm açıqlamalardakı əsas tezislərə diqqət etməklə Azərbaycan xalqı gedən prosesləri, qarşıda hansı hədəflərin dayandığını və bizim milli vəzifələrimizin nədən ibarət olduğunu dərk edə bilir. İlk növbədə son 8 ayın məhz Azərbaycanın ssenarisi üzərində getdiyi bizim hamımızı çox qürurlandıran bir açıqlamadır. Öz-özlüyündə bu sadə ifadənin arxasında böyük mətləblər dayanır. Yəni ilk növbədə 44 günlük müqəddəs savaşımız qədər böyük önəm daşıyan onun nəticələrinin qorunub saxlanılması önəmlidir.
Siyasi, ictimai, iqtisadi və o cümlədən, regional, beynəlxalq addımlar xüsusilə də məhz diplomatik masada qələbənin legitimliyinin qorunub saxlanılması, qəbul etdirilməsi çox önəmli bir hadisədir. Dünya tarixi çoxlu savaşlar görüb. Amma bir sıra hallarda onların nəticələri xüsusilə də son 200 ildə fərqli bir formada masalara daşınıb. Əksər hallarda hərbçilərin, orduların qalibiyyəti diplomatlar tərəfindən əldən verilib. Hər hansı bir səhv müddəa, ayrıca bir ehtiyatsız kəlmə səngərdə olan çox böyük miqyaslı nəticələri alt-üst edə bilib. Bu səbəbdən Azərbaycan Prezidentinin məhz bu diplomatik siyasi savaşda da sərkərdə və Ali Baş Komandan gücü ilə hərəkət etməsi və prosesi məhz o axarda aparması çox önəmlidir.
- Azərbaycanın yeni iqtisadi rayonlarının coğrafi bölgüsü niyə Ermənistanda müharibənin davamı kimi qəbul olunur?
- Qarabağda hələ də əvvəlki rejimdən qalmış bir neçə nümayəndənin hadisələrə yanaşmaları tez-tez informasiya vasitələrində yayımlanır. Təbii ki, əvvəlki qədər ona diqqət yoxdur, hər bir sətri analizdən keçmir. Amma bununla bərabər içərisində bəzən diqqət çəkən hallar yer alır. Özləri-özlərinə vəzifə vermiş Roman Abovyanlar son hadisələr, xüsusilə də ölkə rəhbərinin Azərbaycanın qələbədən sonra onun iqtisadi rayonları, coğrafiyası və miqyası, hədəfləri ilə bağlı addımlarını qiymətləndirərkən belə bir məsələyə yer verir ki, bizim ölkəmiz inzibati ərazi bölgülərini əslində müharibənin davamı kimi aparır. Keçmişdə də deyirdi ki, “Azərbaycan belə addımlar atırdı. Onlar ermənilərin bu və ya digər formada sovet dövründə sıxışdırıldığını və məhz ona görə də yerli rəhbərlər təyin olunarkən, həmçinin ayrı-ayrı hallarda əraziləri kəndlər, yamaclar, göllər, digər təbii sərvətlər və relyef üzərindən Azərbaycan qələm vasitəsi ilə bu savaşı aparırdı”. Bu mənada dövlət başçısının imzaladığı sənəd öz mürəkkəbi ilə qarşı tərəfi çox böyük çətinlikdə qoyur.
Çünki onlar belə hesab edirlər ki, bundan sonrakı dövrdə orada işləyən hər texnika, qurğu, avadanlıq, yaxud çəkilən yol, Kəlbəcərdən Zəngilana qədər elektrik dirəkləri növbəti zəfər hadisələridir. Bütün bunlar ermənilərə qarşı savaşın mühüm bir elementidir. Adətən klassik təfəkkürlə, yanaşma ilə savaş deyərkən yalnız silahlı əməliyyatları nəzərdə tuturuq. Ancaq müasir dövrdə xüsusilə də son 40-50 il ərzində müharibənin ayrı müstəvilərdə aparıldığı məlumdur. Bunun böyük nümunələri var. Məhz ona görə də, soyuq, yumşaq güc, iqtisadi, siyasi müharibə və sair kimi anlayışlar meydana gəlib. Ölkə rəhbərinin bilavasitə Qırmızı Bazardan, Xankəndi içərisindən keçib Şuşaya getməsi, yaxud Ağdərə içərisindən Kəlbəcərə gedən yol, orada görülən işlər mühüm strateji hədəfləri özündə ehtiva edir. Hərbi yüksəkliklərdə Azərbaycan ordusunun qərarlaşması, orada müasir tələblərə uyğun nəzarət punktlarının meydana gətirilməsi, açılan yeni hərbi hissələr bilavasitə ordumuzun qüvvələrinin konkret plan üzrə yerləşdirilməsi önəmlidir. Həmçinin atılan hər bir gülləyə qarşılıq vurulan zərbələr, xüsusilə yeni sərhəddə, yəni 600 km-lik bir ərazi boyunca yaşayan, nisgillo, acınacaqlı sosial vəziyyəti evlərinin şiferlərindən, həyat-bacalarına qədər kasıblıq yağan sadə ermənilərin öz qorxularını bəyan etmələri uzun on illər yaradılmış “böyük erməni gücü” haqqında əsatirləri darmadağın edir. Prezident İlham Əliyevin strateji planı düşməni sülh müqaviləsinə gəlməyə vadar edir.
- Ölkə rəhbəri Ermənistana gündəlik təqdim olunduğundan, sülh danışıqlarına hazırlıqla bağlı konkret mövqedən bəhs etdi. Bununla yanaşı Prezident İlham Əliyevin fikirlərinin Ermənistandakı hadisələrə təsiri fonunda bu ölkəni Azərbaycanın siyasi məkanının bir hissəsi kimi qiymətləndirmək nə dərəcədə məntiqlidir?
- Bunu ölkə rəhbəri öz açıqlamasında konkret dilə gətirdi. Biz ermənilərə gündəlik vermişik. İndi siz “Qolos Armeniya”nı, “PanArmeniya”nı izləsəniz görəcəksiniz ki, orada "İki dövlət rəhbərinin gündəliyi" adlı silsilə təhlil yazıları verilir. Bunların hamısında bu məsələyə önəm ayrılır ki, gerçəkdən də daxili erməni diskursu nələrin üzərindədir. Sosial problemlər, iqtisadi məsələlər yoxsa, onların regional, beynəlxalq əməkdaşlıq problemləri, yoxsa nə? Əksər hallarda belə bir vurğu edilir ki, bu gün Ermənistan siyasi həyatı daha Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlardan təsirlənir. Ondan asılı olaraq formalaşır və bu istiqamətdə bizim ölkəmizin həyata keçirdiyi tədbirlər, siyasi, diplomatik hərbi kurs onların öz arzuladıqları gələcəyə imkan vermir.
Bu azmış kimi hərbi cəhətdən məğlub olublar, indi də Azərbaycanın arxasınca sürünməkdədirlər. Belə demək mümkündürsə, uzun 10 illərdir qlobal güclər dünya siyasətində, informasiya məkanında o siyasəti aparırlar. Yəni ABŞ dünyanın təkcə hegemon gücü deyil, ayrı-ayrı ölkələrin bilavasitə siyasi, mədəni, iqtisadi həyatına sanki təsir və müdaxilə edir. İndiki halda isə Ermənistan Azərbaycanın informasiya və siyasi məkanının bir hissəsi kimi görünür. Açıq şəkildə bu belədir. Ermənistan Azərbaycanın tərkib hissəsinə çevrilib. Həmin "Dəmir yumruq" diplomatiyada, inşaatda, tikintidə, quruculuqda, mina təmizləmə əməliyyatlarında, köçkünlərin Qarabağa dönüşünü təmin edəcək bazisin formalaşdırılmasında özünü göstərməkdədir. Diqqət etsək bir neçə gündür Nikol Paşinyanın daxili düşmənləri deyir ki, onun Azərbaycan tərəfinin təqdim etdiyi təkliflərə cavabı yoxdur. Hökumətin canlı yayımında isə Paşinyan söyləyir ki, Azərbaycan Rusiyanın sülhyaradıcı missiyası əleyhinə təbliğat aparır. O cümlədən, hansısa konkret sənədi imzalamır və s. Bu səpkidə ilk dəfədir cəsarətlənərək guya Bakı və Moskva arasında münasibətləri korlamaq üçün hərəkətə keçir. Halbuki adamın özünün bütövlükdə son 20 illik təcümeyi-halı yalnız anti-Rusiyaçılıqdan ibarət olub. O, özünü Qərbə məhz belə təqdim edib.
Təsadüfi deyil ki, II Qarabağ savaşından sonra məğlubiyyət turnesi nəticəsində siyasi böhran özünün zirvəsinə çatanda, yeni seçkilər keçirmək həyəcanı qapını kəsəndə Paşinyan yenə də Yelisey sarayına getdi və oradan da Avropa Birliyinin paytaxtı sayılan Brüseseldə oldu, görüşlər keçirdi. Bir çoxları məhz Qərbin yenə də onun müdafiəsini həyata keçirdiyi imicini cəmiyyətə təlqin etməyə başladı. Ona görə də, hadisələri belə bir məcrada getməyini qəbul etməliyik. Çünki Azərbaycan bu prosesin yaradıcısı, qurucusu, ssenari müəllifidir. Post-müharibə dövrünün yol xəritəsi aydın bir şəkildə dövlətimizin rəhbəri tərəfindən həyata keçirilməkdədir. Bunlar bir-biri ilə sinxron şəkildə bağlıdır. Yəni xarici görüşlər, tədbirlər, danışıqlar Azərbaycanın müxtəlif ərazilərinə Daskəsəndən Goranboya qədər səfərin özü, orada verilən müsahibələr, açıqlamalar hamısı onu sübut edir ki, bizim taleyimiz hansısa xüsusi bir paytaxtlarda müəyyənləşmir. Biz gözümüzü Minsk Qrupunun 50-ci dərəcəli diplomatlarının bizim ölkəmiz üzərindən özünə karyera quran adamların deyəcəyi növbəti bir bəyanatına dikməmişik. İndi əksinə, o dövlətlər özləri Azərbaycan Prezidenti tərəfindən söylənən açıqlamaların hər biri ətrafında müxtəlif xəyal qurmağa, təhlillər aparmağa meyillidirlər. İndi Azərbaycan hansısa bir Qarabağ danışıqlarına getsin deyə müxtəlif çabalardadırlar. Amma indiki halda da bu alınmır.
- Azərbaycanın bölgədə 200 illik bir ssenarini dəyişdiyi məlumdur. Yeni bir tarixi gerçəklikdə bölgədə münasibətlər sisteminin qurulması hansı tezislər üzərindən formalaşmalıdır?
- Qarabağ prosesi sovetlər birliyinin çöküşündə mühüm rol onadı. O dövr təəssüflər olsun ki, hadisələr qanlı mexanizm üzərində getdi. İndi isə 30 ildən sonra Prezident İlham Əliyev 200 illik bir ssenarini dəyişdirdi. O cümlədən, sovetlər birliyindən sonra hətta, hadisələrin qansız olacağı təqdirdə bölgənin taleyi, həyatı, xarakteri, millətlərin buradakı güzəranı ayrı cür ola bilərdi. Ermənilər isə faktiki olaraq son 200 ildə imperiyalar arasında müxtəlif manevrlər etməklə onların öndə olan adamları, ideya verənləri, qələm sahibləri, mədəniyyət, siyasət adamları xalqın faciəsini doğurublar. Ermənilər bu illər ərzində yalnız azalıblar. Yutub kanallarında ermənilərin müxtəlif partiya və siyasi hərəkat adamlarının polemikalarını izləyərkən görünür ki, özlərində 2050-2060-cı illərin Ermənistanına yönəlik dərin bir şübhəçilik, inamsızlıq var. “Əgər olarsa, əgər Ermənistan mövcud olacaqsa, qalacaqsa” və s. kimi sözləri deyirlər. Halbuki axı Levon Ter-Petrosyan və onun baş müşaviri ölkəmizdə səfərdə olan Jerar Lebardiyan dəfələrlə bu xəbərdarlıqları etmişdilər. Ona görə də əslində Azərbaycanın apardığı savaş bütovlükdə Qafqazda sülhün bərqərar olmağı üçündür. Bunu dərk etmək lazımdır. Ermənilərin xilası onların uzun 10 illər, yüz illər apardıqları siyasətdə deyil. Onların müəyyənləşdirdiyi kurs ən çox özlərinə zərbə vurdu.
- Zəngəzur dəhlizi bir növ Ermənistan üçün nəfəslikdir. Buna imtina hansı nəticələrə gətirib çıxaracaq?
- Hazırkı dövrdə Zəngəzur dəhlizi, bütün kommunikasiyalar açılsın, biz hətta Gürcüstana gedib çıxan xəttlər üzrə nəqliyyat və yaxud, digər dəhlizlərin qurulmağında maraqlıyıq kimi bəyanatlar qətiyyən vəziyyəti dəyişdirmir. Bu yanaşmalar 10 noyabr sazişinin müddəalarının ruhuna toxunmur. O anlamda ki, faktiki olaraq əgər söhbət Azərbaycanın məhz o ərazilər üzərindən Naxçıvanla birliyinin, bötüvlüyünün, əlaqəsinin bərpa olunmasından gedirsə, o cümlədən Türkiyədən Rusiyaya qədər böyük bir coğrafiyada əlaqələrin bərpasından danışılırsa, Ermənistanın burada rolu onun iddialarından imtina şəraitində mümkün olacaq. Yenə də əsas dominant qüvvə müharibənin qalibi kimdirsə, o olacaq. İndiki halda isə Azərbaycan gerçəkdən də millətimizin 30 illik yaşadığı məşəqqətlərə, iztirablara, təcavüzün yaratdığı humanitar, iqtisadi, sosial fəlakətə baxmayaraq onları aradan qaldırmaqla bu qələbəni əldə edib. Qarşıdakı dövrdə biz ümidvarıq ki, bütün tədbirlər Ermənistanı məhz bizim arzuladığımız, diktə etdiyimiz şərtlərə gətirəcək. Yalnız bu halda Ermənistanın statusu, varlığı müəyyənləşə bilər. Bunu artıq hətta sabiq Ermənistan prezidenti Robert Köçəryan da dərk edib, dilə gətirir və söyləyir ki, baxın sərhəd boyunca Azərbaycanın hərbi güc nümayiş etdirməsi hazırlanan növbəti sənədin anonsudur. O, bunu belə başa düşürsə, avtomatik olaraq ən adi qırğılar sayılan, uzun on illər Azərbaycana əzələ gösətərən qüvvələr də bu reallıqlarla hesablaşmalı olacaqlar.