7 Sentyabr 2021 18:08
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bahar xanım, Füzuli beynəlxalq hava limanı, Qarabağın hava qapısının qısa zamanda istifadəyə verilməsinin yaratdığı reallığı və bu nəhəng infrastruktun bölgə üçün əhəmiyyətini necə şərh edərdiniz?

- Düzü, bu gün azad olunan ərazilərə qayıdışımızla bağlı bir-birinin ardınca o qədər qürurlandırıcı, öz gücümüzə, imkanlarımıza, qətiyyətimizə güvən aşılayan hadisələr baş verir ki, bunu sözlə ifadə etmək çətinlik yaradır. Müharibə bitdikdən qısa bir müddət keçməsinə baxmayaraq bu istiqamətdə başlanan genişmiqyaslı bərpa və quruculuq işləri artıq öz nəticələrini göstərməkdədir. Bütün dünya bu prosesi heyrətlə və maraqla izləyir. Çünki bu gün dünyanın heç bir ölkəsi və bölgəsində xalqımızın əldə etdiyi böyük zəfər və ondan sonra keçən qısa müddət ərzində görülən işlərə bənzər misal göstərmək mümkün deyil. Bu, ona görədir ki, Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə bu torpaqlardan ayrı keçirdiyi hər an mütləq geri qayıdacağına qəlbən inanıb, gözləyib və onun üçün çalışıb, birlik, fədakarlıq və sonunda qəhrəmanlıq nümayiş etdirib. Ona görə də, qələbə əldə olunandan dərhal sonra hər kəs bu quruculuq işinə çox fəal şəkildə qoşulub.

Sözsüz ki, bu hədəfə gedən yol çətin və ağrılı bir proses oldu. Ölkə daxilində, regionda, eləcə də bütün dünyada qələbəni əldə etmək və onun nəticələrinin qəbul olunması işinə xidmət edəcək siyasətin müəllifi ölkə rəhbəri, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ordumuz, cəmiyyətimiz, bütövlükdə xalqımız bir yumruqda birləşdi. Düşmənə öz yerini göstərən, ona layiqli cavab verən, bu dəmir yumruqda birləşən güc talanmış, dağıdılmış, barbarcasına məhv edilmiş ərazilərimizin dirçəlməsi üçün lazım olan addımları da atmaqdadır. Məhz xalqın gücü ilə biz bu nailiyyətləri əldə edirik.

Uzun illər işğaldan əziyyət çəkən şəhər və kəndlərimiz canlanır, tar-mar olan yurd yerlərimiz, dağıdılan infrastruktur obyektləri, tarixi-mədəni abidələrimiz bərpa olunur.

Ötən gün çox yadda qalan, hər kəsi qürurlandıran bir hadisə də baş verdi. Mətbuat nümayəndlərinin də sərnişini olduğu “QARABAĞ” təyyarəsi Qarabağa eniş etdi. Bunun özü çox keçmədən bu ərazilərin tam dirçələcəyinə, insanlarımızın öz yurd-yuvalarına qayıdacağına və Azərbaycanın bütün ərazilərinin ölkəmizin hüquqi nəzarətinə qaytarılacağına olan inamımızı daha da artırmaqla, bəzi dairələri də bununla hesablaşmağa məcbur edir.

- Füzulidə qısa zamanda beynəlxalq əhəmiyyətli hava limanının açılması qarşı tərəf və ona havadarlıq edənlər üçün hansı mesajlar verdi?

- Ümumiyyətlə, özgə torpağına göz dikən, başqa məmləkətlərdə öz səadətlərini əldə etmək istəyən, bunun üçün də o ərazilərin sakinlərini məhv etmək, genosidə, soyqırımına məruz qoymaq siyasəti yürüdənlər bu aqibətdən dərs götürməlidir. İlk növbədə erməni məsələsini əlində bayraq edən beynəlxalq dairələr və onların əlində alətə çevrilmiş Ermənistan özü bugünkü ağır durumlarının 10 illərə, yüz illərə söykənən birgə “planlarını” həyata keçirmək kimi avantüranın nəticəsi olduğunu anlamalıdırlar.

İndiki reallıqda Ermənistanın daxilində əksəriyyət bunu dərk edir. Hərçənd ki, bunu zahirən biruzə verməməklə, yenidən güc toplayıb əvvəlki mövqelərini geri qaytarmaq istəklərini ifadə edənlər də var. Bu isə müharibə partiyası və onu dəstəkləyənlərin xalq arasındakı nüfuzunun sıfırdan da aşağı enməsini əngəlləmək məqsədinə xidmət edir.

- Qısa zamanda Qarabağda görülən işlər Azərbaycanın öz torpaqlarına sahiblənməsi hansı reallıqları ortaya çıxardı?

- Sözsüz ki, o ərazilərdə görülən işlər Azərbaycanın gücünü göstərir. Bu torpaqların qısa müddət ondan kənarda köçkünlük həyatı yaşayan insanlara mənsub olduğu faktdır. O insan ki, bu torpaq üzərində doğulub, burada boya-başa çatıb, kökü bu torpağa bağlıdır, yalnız onlar qısa müddətdə belə böyük işlər görə bilərlər.

- Azad olunmuş ərazilərdə olan mənzərə vandalizmi, barbarlığı, torpaqda nə varsa onu daşıyıb aparmağa, talamağa olan niyyəti göstərib. Belə olan halda hansı məntiq bu əraziyə sahiblənmək iddiası formalaşdıra bilər?

- Ermənilər bu illər ərzində Azərbaycanın sərvətlərini yalnız dağıtmaqla məşğul olub. Onlar əmin idilər ki, gec-tez bu torpaqdan qovulacaqlar. Odur ki, daha çox talamağa, buradan daşımağa üstünlük verirdirlər. Təsadüfi deyildir ki, müharibənin gedişində və ondan sonra Ermənistandakı müxtəlif seqmentlərin nümayəndləri hökumətə bu barədə açıq suallar ünvanlayır, ittihamlar irəli sürürdülər.

Əslində bütün bu illər ərzində Qarabağ ərazisində “güclü, məğlubedilməz” ordu saxladığını deyənlər onun sıradan bir quldur dəstələri olduğunu da öz xalqından gizlətməyə çalışırdılar. Məhz II Qarabağ müharibəsi bu faktları da ortaya qoydu. Məlum oldu ki, 10 illər ərzində bura çirkli pulları yumaq üçün istifadə edilib və eləcə də külli miqdarda büdcə vəsaitləri Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilən işğalçı ordunu saxlamaq adı altında ayrı-ayrı hərbi rəhbərlər tərəfindən mənimsənilib. Göründü ki, ordunun təminatı, “keçilməz adlandırdıqları sədlər” nədən ibarət imiş. Aşkara çıxdı ki, erməni ordusu hansı sosial vəziyyətdə olub. Ordunun geyimi, xidmət göstərdiyi postlar, hərbi hissələr, silah təminatının da hansı səviyyədə olduğu üzə çıxdı. Hətta pulsuz olaraq göndərilən silahlar belə onları ağır iflasdan qurtara bilmədi. Ona görə də, hər hansı tikinti, abadlıq işləri aparmamışdılar. Azərbaycanlılara məxsus yaşadıqları evlərdə belə səliqə-səhman yaratmamışdılar. Bir neçə erməni məmurun Şuşada özünə villa tikməsini isə bu tarixi Azərbaycan şəhərinin bərpası adı ilə dünya erməniliyindən pul qoparmaq məqsədlərinə xidmət etdiyini artıq gizlətmək mümkün deyil.

Xisləti dağıtmaq, məhv etmək, başqa xalqların sərvətlərinə göz dikmək, yaxşı nə varsa ona sahiblənmək olan erməni faşizmi heç zaman qurucu ola bilməzdi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər