15 Sentyabr 2021 11:27
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

103 il bundan əvvəl sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalçılarından azad edib. Bu tarixi gün müstəqilliyini elan etmiş gənc bir dövlətin özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb edir. Məhz belə çox mürəkkəb və çətin bir şəraitdə olan Azərbaycanın köməyinə qardaş Türkiyə çatdı.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor bildirib ki, 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu: “1915-ci ildə Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmişdi. Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Məhz bu tarixi hadisələr ümummilli lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” devizinin əsl mahiyyətini ortaya qoymuş olur”.

Komitə sədri vurğulayıb ki, tarix təkrar olunur və o dövrdə bir sıra dövlətlərin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Türkiyə qardaş köməyini əsirgəmədi: “Qafqaz İslam Ordusu 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Bununla da Türkiyə Azərbaycan dövlətçiliyinə ilk qardaş töhfəsini verdi. Müasir dövrdə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə oldu. Müstəqilliyimizin çətin anlarında, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyi dövrdə də Türkiyə yanımızda idi və haqq səsimizin bütün dünyaya çatdırılmasında başlıca faktor oldu”.

Millət vəkili hesab edir ki, 30 illik erməni işğalından sonra Azərbaycanın haqq savaşına Türkiyə mənəvi və siyasi dəstək verməklə, bu dəfə də öz qardaşlıq missiyasını yerinə yetirdi:

“II Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Şuşa Bəyannaməsi isə bu qardaşlığı əbədiləşdirdi. Bu baxımdan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu tarixi hadisə Cənubi Qafqaz regionunda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların pozulması deməkdir. Artıq Azərbaycan-Türkiyə birliyi ilə davam edəcək yeni regional münasibətlər platforması formalaşmaqdadır”.

Hicran Hüseynova söyləyib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən 15 sentyabr tarixi mühüm əlamətdar bir dövrün başlanğıcı kimi xüsusilə qeyd olunur: “Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Bu Azərbaycan tarixində xüsusi siyasi, mənəvi əhəmiyyəti olan bir gündür. Xalqımız heç vaxt qardaş köməyini unutmayacaq, şəhidləri böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlayacaq”.


Müəllif: Tapdıq Qurbanlı